Fransa, Strasburq /müxbir Trend A.Məhərrəmli/ Bu gün Brussel Böyük Britaniyadan Avropa İttifaqı ölkələrinə daxil olan bütün növ heyvani ət və ət məhsullarının ixracını qadağan edib. Qeyd edək ki, keçən cümə günü İngiltərənin qərbində yerləşən bir fermada heyvanlarda dabaq xəstəliyinin qeydə alınmasından sonra oradan ət və ət məhsulları idxal edən ölkələr virusun yayılmasının qarşısını almaq məqsədilə sözügedən məhsullara nəzarəti gücləndirib.
Fransa baytarlıq orqanlarından verilən məlumata görə, son 10 gündə Böyük Britaniyadan idxal edilən qoyun, keçi , donuz və buğaların siyahıya alınmasına başlanılacaq.
Almaniyanın qərbində yerləşən Renani Palatina regionunda önləyici tədbir olaraq bir təsərrüfat iyul ayında İngiltərədən iki qoyun aldığına görə bağlanıb. Bundan başqa son bir ayda Böyük Britaniyadan daxil olan 6 heyvan da müayinədən keçirilib.
Hollandiya hökuməti isə sallaqxanalar istisna olmaqla, qoyun, keçi, buğa və donuzların ölkə ərazisində daşınmasını qadağan edib. Heyvanların xəstəliyin qeydə alındığı regiondan idxal olunduğunu müəyyən etmək məqsədilə təsərrüfatlarda siyahıya alınma prosesi gedir.
ABŞ dabaq xəstəliyinin aşkar edilməsindən dərhal sonra Böyük Britaniyadan artıq göndərilmiş məhsullarda daxil olmaqla, bütün növ ət məhsullarının idxalını müvəqqəti olaraq dayandırıb.
Rusiya da xəstəliyin yayılması təhlükəsi ilə əlaqədar Böyük Britaniyadan ət məhsullarının idxalını məhdudlaşdırmağa hazırlaşır.
İsveçrə Federal Baytarlıq İdarəsi isə Londonun məsələyə təcili surətdə reaksiya verdiyini əsas gətirərək əlavə tədbirlərin görülməsinə lüzum görmədiyini bildirib.
Qeyd edək ki, Cənubi Koreya da bazar ertəsi ət və ət məhsullarının idxalını qadağan edib.
Sinqapur isə Böyük Britaniyadan donuz, qoyun və buğa ətinin idxalını qadağan etsə də, donuz və quzu əti əsasında hazırlanmış konservlərin idxalına icazə verib.
Xatırladaq ki, Böyük Britaniyada bu xəstəlik son dəfə 2001-ci ildə qeydə alınıb. Həmin vaxt yeddi ay sürən və pandemiya halını alan xəstəlik 6, 5 milyon heyvanın kəsilməsinə səbəb olmuş, dövlət büdcəsinə isə ən azı 9 milyard avro ziyan dəymişdi.