...

Qərib Məmmədov: "Biz özümüz istəmədən kartoqrafik müharibəyə cəlb olunmuşuq" (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2015 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycanda "Cənubi Qafqaz: 1903-cü il" xəritəsi və "Azərbaycan Respublikasının Milli Atlası" hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Trend-in məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AMEA prezidentı Akif Əlizadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı kartoqrafik saxtakarlıqlar artıb. Məhz bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan Prezidenti tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin və 18 aprel 2012-ci il tarixli "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb.

A.Əlizadə qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi həqiqətlərə real yanaşmaq imkanı olub. Bu nərşlərin yaradılması da həmin imkandan istifadə etməyin nəticəsidir.

Akademiya prezidentinin sözlərinə görə, "Azərbaycan Respublikasının Milli Atlası" özündə böyük məlumat bankını təşkil edir. Atlas 19 bölmə, 444 səhifədən ibarətdir. Bu atlasın digər atlaslardan fərqi burada Azərbaycanın bütün həyatının kompleks şəkildə öz əksini tapmasıdır: "Burada Azərbaycanın torpaqları ilə bağlı bütün məlumatlar var. Sənaye, təhsil, tarix və digər istiqamətlər üzrə məlumatlar bu atlasda öz əksini tapıb. Atlasın digər mühüm dəyəri odur ki, bu atlasın tərtibatında informasiya təminatından istifadə edilib. Atlasın yaradılması kollektiv əməyin nəticəsidir. Bu gün onlara böyük təşəkkürlər düşür".

A.Əlizadə deyib ki, "Cənubi Qafqaz: 1903-cü il" xəritəsi 1903-cü ildə Cənubi Qafqazın Hərbi Dairəsinin topoqrafiya şöbəsi tərəfindən hazırlanıb. Həmin xəritə yenidən çap olunaraq ictimaiyyətə təqdim edilib.

Onun sözlərinə görə, bu xəritə özlərini hər zaman aborigen xalq kimi təqdim edən və ölkəmizə qarşı torpaq iddiası aparan ermənilərə sanballı cavabdır: "Bu xəritə göstərir ki, hazırkı Ermənistan ərazisində olan bütün tarixi adlar Azərbaycana məxsusdur, tarixi dövlətimizin adlarıdır. Bu xəritə 1903-cü ildə çar Rusiyası tərəfindən tərtib edilib. Ona görə də ondan qaçmağa yer yoxdur. Bu, ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı bir məlumatdır".

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə deyib ki, son vaxtlar ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi istiqamətində təxribat xarakterli materiallar yayılmaqdadır: "Gördüyünüz kimi, biz özümüz istəmədən informasiya müharibələrinin ən qəddar, amanız növü olan kartoqrafik müharibəyə cəlb olunmuşuq. Ölkə Prezidenti belə halların qarşısını almaq, dünya ictimaiyyətinə düzgün məlumatları çatdırmaq üçün 1903-cü ildə çar Rusiyasının hakim dairələri tərəfindən tərtib edilmiş "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çap edilməsi barədə sərəncam verib. Bu xəritənin nəşr olunması ermənilərin əsassız iddialarına cavab vermək baxımından böyük əhəmiyyətə malikdir. Xəritənin digər başlıca əhəmiyyəti isə Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə Azərbaycana məxsus olmasının, İrəvan quberniyasındakı yaşayış məntəqəsi adlarının demək olar ki, hamısının Azərbaycan dilində, türk mənşəli olmasının aşkar şəkildə göstərilməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti