...

Şou ulduzları nə qatilə çevirə bilər? - SORĞU

Mədəniyyət Materials 13 Yanvar 2011 15:50 (UTC +04:00)
Şou ulduzları nə qatilə çevirə bilər?
Şou ulduzları nə qatilə çevirə bilər? - SORĞU

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

"Cinayət törədən məsuliyyətdən kənar qala bilməz!" Məhz bu deviz altında hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarlarla mübarizə aparmağa çalışırlar. Maraqlıdır, görəsən, yerli şou ulduzları nə qatilə çevirə bilər? Trend-in bu sualını onlardan bəzilərinə ünvanlayanda, bir çoxları qulaqlarını çəkib sorğuda iştirak etməkdən yayındılar. Lakin aralarında cəsarətli olub, sualımıza cavab verənlər də tapıldı. Maraqlı olacağını nəzərə alıb, həmin ulduzların fikirlərini diqqətinizə çatdırırıq:

Müğənni Röya Ayxan: - Çox dəhşətli sual ünvanlayırsınız. Vallah, qatil sözünü eşidəndə, nəsə tüklərim ürpəşir. Allah heç kimi qatilə çevirməsin. Amma tanıyanlar bilirlər ki, mən ailəyə bağlı olan bir xanımam. Və valideynlərim başda olmaqla, bütün ailə üzvlərimin barmağı qanasa belə, çox pis oluram. Xüsusən iki qardaşım - Ayxanla, İsmayıla görə ölümə də gedərəm. Bəlkə də onlara bir şey olsa, mən gözüyumulu qatilə çevrilə bilərəm.

Müğənni Faytonçu Nazim: - Şəxsi həyatımda ailəm mənə görə çox müqəddəsdir. Anama, övladlarıma bağlı olan ailə başçısıyam. Düşünürəm ki, onlara hansısa təcavüz olunarsa, qatilə çevrilə bilərəm.

Müğənni Nüşabə Ələsgərli: - "Of" da demədən, qatilin qatilinə çevrilə bilərəm. Nüşabəni yaxından tanıyanlar bilirlər ki, əslində bir qarışqanın da məhv edilməsinə dözə bilmirəm. Amma insanın gözünü qan tutanda, o, heç nəyə göz yummağı bacarmır.

Meyxanaçı Namiq Məna: - (xeyli fikirlərşir...) Məni nə qatilə çevirə bilər? Allah uzaq eləsin, Namiq Mənanı ancaq xəyanət qatilə çevirə bilər. Ümumilikdə götürəndə əsəbimi içimdə boğmağı bacaran insanam. Hər zaman sakit olub, soyuqqanlı qərar verməyə çalışıram. Digər tərəfdən tez əsəbiləşən insanları başa düşmürəm. İnsan gərək öz-özünü sakitləşdiməyi bacara bilsin. İnanın, qarşıma zərər də çıxanda şükür edirəm. Yəqin Tanrı belə məsləhət bilib ki, xeyirlə bərabər zərəri də yaşamaq məcburiyyətində qalırıq.

Müğənni Xatun: - Özüm hədsiz dərəcədə çılğın insanam. Şəxsiyyətimə, əzizlərimə ünvanlana biləcək xoşagəlməz təhqirlər, hədələr məni qatilə çevirə bilər. Qoy, pərəstişkarlarım bu sözlərimi oxuyub təşvişə düşməsinlər. Mən söylədim ki, hansısa mürəkkəb problemin həlli əlimi qana batıra bilər. Allah bu günü heç birimizə göstərməsin. Amin!

Xəbər lenti

Xəbər lenti