Azərbaycan, Bakı, 30 may /Trend/
İsveçli musiqiçi Tomas Gison və Peter Boström "Euphoria" mahnısını yaradarkən onun bütün Avropanı "eyforiya"da saxlayaraq, 17 ölkənin musiqi çartlarında birinci olacağına sadəcə ümid edirdilər. Bu ümidlər özünü doğrultdu. Mahnı Lorinin ifasında İsveçə 13 ildən sonra yeni Eurovision qələbəsi qazandırdı.
Trend eurovision.az saytına istinadən məlumat verir ki, bəstəkar Tomas Gison 8 ölkənin milli finalında "Eurovision" səhnəsinə çıxmaq uğrunda yarışan 58 mahnının müəllifidir. Bu ölkələr sırasında İsveçlə yanaşı, İspaniya, Norveç, Finlandiya, Danimarka, Polşa, Latviya, Rumıniya və Belçika da var. Həmin mahnılardan yalnız 7-si 2001, 2006, 2007, 2010 və 2012-ci illərdə "Eurovision" mahnı müsabiqəsində səslənmə imkanı qazanıb.
Tomas Gison 1999-cu ildən müntəzəm olaraq "Eurovision" mahnılarının bəstəkarı kimi fəaliyyət göstərsə də, bu səhnədə ilk qələbə sevincini məhz 2012-ci ildə "Euphoria" mahnısı ilə yaşaya bildi. Bəstəkarın builki müsabiqədə daha bir mahnısı İspaniya təmsilçisi Pastora Solerin ifasında səslənirdi. Onun Toni Sançez-Olson və Erik Bernholmla birgə ərsəyə gətirdiyi "Quedate conmigo" mahnısı ilk onluqda yer aldı. Bu mahnı Tomasın İspaniya üçün yazdığı ikinci "Eurovision" bəstəsi idi.
"Euphoria"nın digər həmmüəllifi Peter Boström ilk mahnısını 7 yaşında yazıb. 21 yaşında şəxsi prodüser şirkətini yaradan musiqiçi İsveçin məşhur ifaçıları ilə işləyir. Bəstəkar 2008-ci ildə İsveçin populyar "Melodifestivalen" yarışmasına mahnılar yazmağa dair müqavilə imzalayıb. Qeyd edək ki, ölkənin "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi məhz bu yarışmada müəyyən olunur.
Peter Boström bu il Norveç təmsilçisi Toojinin "Bakı Kristal Zalı" səhnəsində ifa etdiyi "Stay" mahnısının da bəstəkarlarından biridir. Maraqlıdır ki, onun Tomasla birlikdə yazdığı "Euphoria" mahnısı 372 səslə birinci olduğu halda, Norveç üçün bəstələdiyi "Stay" mahnısı 7 səslə sonuncu yerdə qərarlaşdı.