...

Şəkidə möhtəşəm amfiteatr tikilir

Mədəniyyət Materials 13 Avqust 2012 15:56 (UTC +04:00)
Şəki şəhərində "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində - XVIII əsrə aid memarlıq abidəsi "Qala divarları"nın yaxınlığında 600 yerlik yarımörtülü amfiteatr tikilir.
Şəkidə möhtəşəm amfiteatr tikilir

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Şəki şəhərində "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində - XVIII əsrə aid memarlıq abidəsi "Qala divarları"nın yaxınlığında 600 yerlik yarımörtülü amfiteatr tikilir.

Trend bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanda bənzəri olmayacaq bu amfiteatr Nazirlər Kabinetinin dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamına əsasən dövlət vəsaiti hesabına inşa edilir.

Şərq memarlığı üslubunda tikilən amfiteatr qurğusu açıq səma altında 600 yerlik tamaşaçı zalı və inzibati korpusdan ibarət olacaq. İnzibati korpusa 96 kvadratmetr sahəsi olan səhnə, rejissor, məşq, qrim və iş otaqları, mətbəx və yardımçı otaqlar daxildir. Qurğunun açılıb-yığılan metal-çadır konstriksiyası və digər avadanlıqları Türkiyədə hazırlanır.

Ümumi ərazisi 5,4 min kvadratmetrə yaxın olan amfiteatrın qurğusuna həmçinin hər birinin tutumu 100 kubmetr olan yeraltı içməli və yanğınsöndürmə üçün nəzərdə tutulan su anbarları, nasosxana, transformator yarımstansiyası, avtomobil dayanacağı daxildir. Ərazidə yaşıllıqlarla əhatə olunmuş istirahət zonası salınacaq, səki və yollar qurulacaq.

Amfiteatrda M.F.Axundzadənin yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Amfiteatrın tikinti işlərinin sentyabrın birinci ongünlüyündə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti