Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ekologiya mövzusuna həsr olunmuş Gənclərin II Ümumrespublika Teatr Festivalına ssenari qəbulu artıq başa çatıb. Layihənin prodüseri Zahid Nemətov və İcraçı direktoru Ramil Ağasıyev dünəndən etibarən bölgələrdə yaradıcı gənclərlə görüşə start veriblər. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təşkilat Komitəsinin məlumatına görə, iştirakçılar arasından 10 nəfərdən ibarət komandalar müəyyən olunacaq. Yaradıcı gənclərlə görüş ümumilikdə altı bölgəni - Zərdab,Ucar, Ağdam, Şəki, Zaqatala, Sumqayıtı əhatə edəcək. Hər komanda ssenarilər üzrə tamaşalar hazırlayacaqlar. Bu proses noyabr ayına qədər davam edəcək.
Xatırladaq ki, "Bizə ideya lazımdır" devizi ilə keçirilən festivalın əsas məqsədi gənclərdə teatra marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.
Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir.