...

Moskvada Azərbaycan haqqında çəkilmiş İsveçrə filminin nümayişi uğurla keçib (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2012 17:12 (UTC +04:00)
Daha əvvəl xəbər verdiyimiz kimi, bu ilin əvvəlində “Buta” İncəsənət Mərkəzi “He Was a Giant with Brown Eyes” (“O, qonur gözlü nəhəng idi”) adlı Azərbaycan haqqında kino filminin yaradıcısı, isveçrəli rejissor Eylin Xoferə öz dəstəyini vermişdi.
Moskvada Azərbaycan haqqında çəkilmiş İsveçrə filminin
nümayişi uğurla keçib (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Daha əvvəl xəbər verdiyimiz kimi, bu ilin əvvəlində "Buta" İncəsənət Mərkəzi "He Was a Giant with Brown Eyes" ("O, qonur gözlü nəhəng idi") adlı Azərbaycan haqqında kino filminin yaradıcısı, isveçrəli rejissor Eylin Xoferə öz dəstəyini vermişdi.

Artıq Avropanın, Asiyanın və Latın Amerikasının bir çox şəhərlərində nümayiş etdirilmiş, ən nüfuzlu kinofestivalların iştirakçısı olmuş (o cümlədən, Beynəlxalq Rotterdam kinofestivalı, Havana kinofestivalı, Visions du Reel Sənədli film festivalı (Nion, İsveçrə), Amyen (Fransa) Beynəlxalq kinofestivalı, IndieLisboa Beynəlxalq müstəqil film festivalı (Lissabon, Portuqaliya), Boqota kino festivalı (Kolumbiya), Seul kino festivalı (Cənubi Koreya), "Listopad" (Xəzan) beynəlxalq kinofestivalı (Minsk, Belorusiya) və s.) və Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Beynəlxalq qadın kinofestivalında (Femina Film Festival) ən yaxşı rejissorluğa görə mükafat almış, habelə mətbuatın, tənqidçilərin və adi tamaşaçıların çoxsaylı müsbət rəylərini qazanmış bu film nəhayət Moskvaya da gəlib çatdı. Filmin nümayişi Rusiyada keçirilən ən irimiqyaslı "ARTDOKFEST" sənədli film festivalı çərçivəsində 11 dekabr tarixində "Xudojestvennıy" kinoteatrında uğurla keçdi.

"Buta" İncəsənət Mərkəzi Eylin Xoferi növbəti müvəffəqiyyət qazanması münasibətilə təbrik edir, ona yaradıcılığında gələcək yüksəlişlər arzulayır və Azərbaycan "Nəhəngi"ni tezliklə Bakı kinoteatrlarının ekranlarında görməyi ümid edir!

Eylin Xofer haqqında

1976-cı ildə Sürixdə anadan olmuş Eylin Xofer bu gün iri kino festivallarından birində mətbuat attaşesi işləyir. Rejissor karyerasına başlamazdan əvvəl Eylin bir neçə il İsveçrədə nəşr olunan jurnalların birində jurnalist və baş redaktor vəzifələrində işləyib. 2004-cü ildə Eylin bütün dünya üzrə yüzlərlə perspektivli kino istehsalçılarını birləşdirən "Berlinale Talent Campus" adlı yaradıcılıq akademiyasında iştirak etmişdir. Eylin bir neçə qısametrajlı filmin müəllifidir. Bu filmlərin hamısı onlarla nüfuzlu kino festivallarında sərgilənmiş (o cümlədən, Lokarnoda, Klermon-Ferranedə, Palm-Sprinqsdə, Rotterdamda, Bruklində, Aspendə, Vila-de-Kondedə, Namurda və s. şəhərlərdə keçirilmiş kino festivallarında) və onlarca mükafata, o cümlədən, İsveçrə kinosunun əsas festivalında təqdim olunan mükafata - "Suissimage/Solothurn Film Festival New Generation Prize" mükafatına layiq görülmüşdür.

Film haqqında

"He Was a Giant with Brown Eyes" - Eylinin çəkdiyi ilk tammetrajlı sənədli filmdir. Bu filmdə adi azərbaycanlı ailəsindən olan iki bacının həyatında valideynlərinin ayrılması və ananın bacılardan biri ilə İsveçrəyə köçüb getməsi ilə əlaqədar olaraq baş verən dəyişikliklərdən bəhs olunur. Sadə və eyni zamanda təsirli və ibrətamiz olan bu hekayə Bakının və Azərbaycanın dağ rayonlarında yerləşən kəndlərinin gözəl və canlı mənzərələri fonunda göstərilmişdir. İsveçrəli rejissorun indiyə kimi ona heç tanış olmayan bir xalqın mentalitetini bu qədər dərinliyinə kimi dərk edə bilməsi və bu xalqın həyat prinsiplərinin sadə və eyni zamanda müdrik gerçəkliklərini əks etdirə bilməsi həqiqətən təəccüb doğurur. Görünür, bu, Eylinin damarlarında axan qanın bir qisminin türk qanı olması ilə bağlıdır.

"Buta" İncəsənət Mərkəzi haqda:

2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış "Buta" İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. "Buta" İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir - mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti