...

Küveytdə Azərbaycan Mədəniyyəti Günləri başa çatıb (FOTO)

Mədəniyyət Materials 22 Fevral 2013 13:23 (UTC +04:00)
Fevralın 21-də Küveytdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Küveytdə Azərbaycan Mədəniyyəti Günləri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Fevralın 21-də Küveytdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Qara Qarayevin həyatı və zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölməz sənətkar Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri nəinki Azərbaycanın, eləcə də dünya musiqi sənətinin incilərindən hesab edilir.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar ifa edib. Anşlaqla keçən konsert tamaşaçıların alqışları, "bravo" sədaları ilə qarşılanıb.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Küveytin Baş nazirinin müavini, bələdiyyələr və parlamentlə iş üzrə dövlət naziri Məhəmməd Əl-Abdulla Əl-Mübarək Əl-Sabahla görüşü olub. Küveyt Baş nazirinin müavini bildirib ki, bu tədbirin keçirilməsi ölkəsi üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin zəngin mədəniyyəti və geniş turizm imkanları barədə ətraflı məlumat verib.

Küveyt Baş nazirinin müavini Azərbaycan incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə bağlı xoş təəssüratını ifadə edib: "Gözəl konsert idi. Təşəkkürümüzü bildiririk. Sözün yaxşı mənasında, çox təsirləndik. Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmaq, dahi bəstəkar Qara Qarayevin əsərlərini dinləməkdən zövq aldıq. Biz iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq".

Konsertdə iştirak edən İspaniya, ABŞ, İngiltərə, İran, Ukrayna və digər dövlətlərdən olan tamaşaçılar musiqiçilərimizin yüksək peşəkarlığına heyranlıqlarını gizlətməyərək tədbirin yaddaşlarda silinməz izlər buraxdığını, Azərbaycan musiqisinin sözün əsl mənasında güclü təsirə malik olduğunu qeyd ediblər.

Tədbirdə xarici dövlətlərin səfirləri, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, ali təhsil ocaqlarının rektorları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bununla da Küveytdə Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti