...

Brüsseldə Azərbaycanın gənc rəssamlarının Qurtuluş Gününə həsr olunmuş sərgisi açılıb

Mədəniyyət Materials 19 İyun 2013 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Belçikadakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Brüsseldə Azərbaycanın gənc rəssamlarının Qurtuluş Gününə həsr olunmuş ikinci sərgisinin açılış mərasimi keçirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Sərgi Azərbaycanın Belçikadakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "Azal-Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir. Sərgidə nümayiş etdirilmək üçün 5 gənc rəssamın 60 əsəri seçilib. Sərgi 22 iyun 2013-cü il tarixinədək Brüsselin "Brenart" beynəlxalq qalereyasında nümayiş etdiriləcək.

Sərginin açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gun bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Daha sonra F.İsgəndərov tərəfindən iştirakçı rəssamlara sertifikat-plaketlər təqdim olunub.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev çıxış edərək, Azərbaycan hökumətinə bu sərginin təşkilinə görə öz təşəkkürünü bildirib və Avropada azərbaycanlı gənc rəssamların işlərinin tanıdılması ilə bağlı fəaliyyətlərinin davamlı olacağını vurğulayıb.

Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa Parlamentinin deputatları, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları, yerli KİV nümayəndələri, Belçika və Lüksemburqda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti