...

Bakıda Rəşad Ələkbərovun fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2014 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir C.Babayeva/

Fevralın 20-də Bakıda Müasir İncəsənət Muzeyində məşhur Azərbaycan rəssamı, insan təxəyyülünü öz ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi installyasiyalar müəllifi Rəşad Ələkbərovun fərdi sərgisinin açılışı mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, ÜNS Yaradıcılıq Səhnəsinin bədii rəhbəri Nərgiz Paşayeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova, ölkənin görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova tədbirə gələn qonaqları salamlayıb: "Burada çox tez-tez görüşməyə başladığımıza görə çox şadam. Biz yeni ilə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin sərgisi ilə başladıq. Sərgi böyük uğurla keçdi. Bu gün biz mənim çox sevdiyim rəssamlardan biri - Rəşad Ələkbərovun işlərini diqqətinizə çatdırırıq".

Aida Mahmudova bildirib: "Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir. Rəşad Ələkbərovun qızıl əlləri, dərin təfəkkürü, hərarətli qəlbi var. O, çox şeyə qadirdir. Rəngkarlıqdan başlayaraq installyasiyalara qədər onun bütün işləri uğurludur".

Qeyd olunub ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür.

Aida Mahmudova qeyd edib ki, Rəşad Ələkbərovun işləri müxtəlif muzeylərdə, müxtəlif ölkələrin qalereyalarında, sərgi zallalarında nümayiş olunub.

"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri bidirib: "Rəssam müxtəlif kölgə installyasiyaları yaradıb, çoxlu maraqlı layihələr olub. Biz qərara gəldik ki, bugünkü sərgidə onun vizual məzmunlu işlərini daha sadə formada təqdim etmək daha yaxşıdır. Bugünkü konsepsiyanın əsas elementi sözdür".

Aida Mahmudova rəssamın malik olduğu bir sıra insani keyfiyyətləri də qeyd edib. Onun sözlərinə görə, Rəşad son dərəcə təvazökar, saf və dərin insandır.

Aida Mahmudova rəssama gələcək yaradıcılıq uğurları arzulayıb: "Şadam ki, bizim Rəşad Ələkbərov kimi həmkarımız və dostumuz var".

Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirib.

Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın "Lost in translation. This too shall pass" ("İtmiş. Bu da keçəcək") adlı əsəri Venesiya Biennalesində "YARAT" Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib.

Rəssamın işlərində işığın sardığı obyekt çox zaman xaotik struktura malikdir, odur ki, biz onu hər hansı asanlıqla tanınan maddi əşya ilə əlaqələndirdikdə çətinlik çəkəcəyik. Əlbəttə ki, installyasiyaların məkanı ilə əhatə olunan əşyaları asanlıqla tanımaq iqtidarındayıq, fəqət onların bir-biri ilə uyğunsuzluğu sadə təsadüfə, hətta cəfəngiyyata bənzəyə bilər. Bu, həm müxtəlif bucaq altında və vəziyyətlərdə yerləşdirilmiş ağac reykalarının topası, dəmir çubuqların və ya istehsal-məişət borularının əcaib və tamamilə məntiqsiz birləşməsi, həm də səliqəsiz şəkildə səpələnmiş əşyaların, qutuların, meyvələrin və hər cür bəzək-düzəklərin yığını ola bilər. Demək olar ki, obyekt kimi istənilən əşya, hətta estetik cəhətdən mükəmməl biri hesab edilən predmet də seçilə bilər... Lakin, hər halda, bu, yaradıcı, hərdən zibil nizamsızlığının saldığı kölgə səmtsiz deyil, əksinə, istər simmetrik ornamental kompozisiya ("Şərq" kölgə installaysiyası, 2011), istərsə də fiqurativ, demək olar ki, realistik insan rəsmi ("Şüşələrdən çəkilmiş portret", 2011) və ya zəif pastel rəngləri ilə bərq vuran səfalı mənzərə ("Fly to Baku" sərgisi, 2011) olsun, yaranan kölgə surəti dəqiq çəkilmiş konturlara malikdir.

Azərbaycan və onun xaricində rəssamın maraqlarını bir ildən artıq müddətdə ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilən Bakının Yay qalereyası təmsil edir.

Rəssamın sənət işləri daha öncə Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və BƏƏ-də nümayiş etdirilib.

Sərgi martın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti