Azərbaycan, Bakı, 27 fevral /Trend/
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə fevralın 28-də Rostropoviçlərin ev-muzeyində (L. və M.Rostropoviçlər küçəsi, 19) "Rostropoviçin pedaqoji fəaliyyəti" adlı tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir violonçelist L.Rostropoviçin anadan omasının 122 illiyinə həsr olunur. Tədbirdə Bakı Musiqi Akademiyasının Respublika və Beynəlxalq müsabiqələr laureatları olan tələbələri konsert proqramı ilə çıxış edəcəklər.
Həmçinin L.Rostropoviçin həyat və yaradıcılığını əks etdirən maraqlı slayd-şou və muzeyin zəngin fondunda saxlanan eksponatlardan ibarət sərgi nümayiş etdiriləcək.
Sərgidə Moskvanın E.F.Qnesinlər adına memorial ev-muzeyindən və Sank-Peterburq şəhərində yerləşən M.Rostropoviçin arxivindən əldə olunmuş 20-ci əsrin əvvəllərinə aid nadir materiallar nümayiş olunacaq.