...

"İpək Yolu" Şəki Beynəlxalq Musiqi Festivalının 5 illik yubileyinə hazırlıq işləri aparılır

Mədəniyyət Materials 17 İyun 2014 15:16 (UTC +04:00)
Bu il iyul ayının 1-dən 5-dək keçiriləcək “İpək Yolu” Şəki Beynəlxalq Musiqi Festivalının 5 illik yubileyinə hazırlıq işləri aparılır.
"İpək Yolu" Şəki Beynəlxalq Musiqi Festivalının 5 illik yubileyinə hazırlıq işləri aparılır

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bu il iyul ayının 1-dən 5-dək keçiriləcək "İpək Yolu" Şəki Beynəlxalq Musiqi Festivalının 5 illik yubileyinə hazırlıq işləri aparılır. Festivalın builki iştirakçıları arasında "Böyük İpək Yolu" ölkələrinə, həmçinin türkdilli xalqlara üstünlük verilib.

Azərbaycan Bəstəkarlar İttifaqından Trend-ə verilən məlumata görə, Hindistanın və Çinin böyük bədii kollektivləri festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin rəqs, vokal, xalq çalğı alətlərinin ifası, xor musiqisi, habelə ekzotik milli kostyumlar və qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər.

Festival iyulun 1-də Niyazinin məşhur "Rast" simfonik muğamının musiqisi əsasında hazırlanmış balet tamaşası ilə start götürəcək. Festivalın proqramı çərçivəsində TÜRKSOY təşkilatının hazırladığı "Defile" - 11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcək.

Bundan başqa, festivalın sonuncu günündə Rusiyadan Sankt-Peterburq "Ermitaj" simfonik orkestrinin bayram konserti gözlənilir. Yeddi ölkədən gəlmiş rəssamlar festival təəssüratlarını öz tablolarında canlandıracaqlar. Onların içərisində Şimali Kipr, Makedoniya və Monteneqrodan gəlmiş qonaqlar ilk dəfə bu festivalda iştirak edəcəklər.

İstanbulun tanınmış "Modern folk topluluğu" da maraqlı proqramla çıxış edəcək.

Təbii ki, festivalın ev sahibi kimi Azərbaycanın musiqi kollektivləri də kənarda qalmayacaqlar. Akademik Opera və Balet Teatrı ilə yanaşı, Qədim Alətlər Ansamblı, Marionet Teatrı, habelə "Ermitaj" simfonik orkestri ilə birgə çıxış edəcək Azərbaycan vokalçıları öz məharətlərini göstərəcəklər.

Festivalın yeniliyi - "Evrovision" mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti olacaq. Bu konsert festivalın əhval-ruhiyyəsinə yeni emosiyalar və ritmlər gətirəcək.

"İpək Yolu" Şəki Beynəlxalq Musiqi Festivalı Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Milli İrsinə Dəstək Fondunun dəstəyi ilə keçirilir.

Azərbaycanda keçirilən musiqi festivalları içərisində ən parlaq və rəngarəng festivallardan biri də sözsüz ki, "İpək Yolu" Şəki Beynəlxalq Musiqi Festivalıdır. Bu festival ildən-ilə daha böyük populyarlıq qazanır. Hər il festivalın proqramında iştirak etmək istəyən ölkələrin sayı artır. "İpək Yolu" Şəki Beynəlxalq Musiqi Festivalının unikallığı ondan ibarətdir ki, onun konsertləri və tamaşaları açıq havada, tarixi memarlıq abidələri fonunda - Azərbaycanın qədim və gözəl guşələrindən birində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti