Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu Azərbaycan şairi Sürurinin Divanını əldə edib.
Akademiyadan Trend-ə verilən məlumata görə, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XV- XVI əsrlərdə yaşamış Azərbaycan şairi Sürurinin şeirlər toplusu - divanının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanılan əlyazmalarının surətlərini əldə edib.
Qeyd edək ki, son dövrlərədək bu görkəmli hürufi şairinin divanı əldə yox idi. 2013-cü ildə tədqiqatçı Sürurinin Vatikanın Apostol kitabxanasında saxlanan 931 beyt həcmində anadilli divanı barədə ətraflı məlumat verib. Şairin Süleymaniyyə kitabxanasında saxlanılan, surəti yeni əldə edilmiş divanı 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, üç mürəbbe daxildir.
Manisa nüsxəsi məcmuədir, buraya Sürurinin Azərbaycan dilində şeirləri ilə yanaşı, Nəsiminin və Nur Seyid Əli adlı şairin farsca şeirləri də daxildir.
Sürurinin surətləri yeni əldə edilən divanlarında onun bir çox naməlum əsərləri, o cümlədən Şah İsmayıl Xətaiyə həsr edilən mürəbbesi də var.