...

"Baku Guide" bələdçi kataloqunun növbəti sayı (FOTO)

Mədəniyyət Materials 2 Oktyabr 2015 15:59 (UTC +04:00)
"Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun oktyabr sayı çapdan çıxıb.
"Baku Guide" bələdçi kataloqunun növbəti sayı (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elmir Murad/

"Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun oktyabr sayı çapdan çıxıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bələdçi kataloqunun bu sayında 143-cü teatr mövsümünün başlanması ilə bağlı geniş repertuarın təqdimatına, eləcə də paytaxtın mədəni, işgüzar həyatını əhatə edən tədbirlərə, müxtəlif mövzularda yazılara geniş yer verilib.

25 oktyabr - 3 noyabr tarixlərində Bakıda keçiriləcək ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunacaq konsertlərin afişası, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilən məqalə oxucuların ürəyincə olacaq.

Həftəsonu turlarla bağlı məlumat isə həm yerli, həm də əcnəbi turistlərin istirahətlərini maraqlı və yaddaqalan təşkil edə bilmələrinə şərait yaradacaq. Mənalı istirahət və ekoturizm həvəskarları üçün əsrarəngiz məkan olan Göygöl Milli Parkı, ölkəmizin müxtəlif regionlarında təşkil olunan məhsul bayramları (Qubada alma, Göyçayda nar bayramları) haqqında materiallar da bələdçi kataloqunun bu sayında yer alıb.

Kataloqda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16-18 sentyabr tarixlərində təşkil olunan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı təəssürat yazısı verilib. Yazıda ənənəvi beynəlxalq tədbirin əhəmiyyətinə toxunulur, onun kitaba və kitabsevərlərə, nəşriyyat-poliqrafiya sahəsinin inkişafına verəcəyi töhfələr diqqətə çatdırılır.

18 oktyabr - Müstəqillik Günü ilə bağlı məlumat ölkəmizin tarixinə qısa ekskurs etmək istəyənlərə yardımçı olacaq. "Qalaaltı Hotel və Spa" müasir müalicə-istirahət kompleksi haqqında material isə turizm və səyahət həvəskarlarının diqqətini cəlb edəcək.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər və onlar haqqında qısa məlumatlara yer verilib. Gənclər maraqlandıqları əyləncə gecələri və partilər haqqında məlumatları "Events" bölməsindən əldə edə bilərlər. "Azərbaycan mətbəxi" rubrikasında oxucular bu dəfə qutabın hazırlanma qaydası ilə tanış olacaqlar.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi, müxtəlif çağrı mərkəzləri və s. barədə məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti