Bakı. Trend:
Türkiyənin Bolu şəhərində xalq qəhrəmanı Koroğlunun heykəli ucaldılacaq.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, Boluda bu il təşkil olunan IV Koroğlu festivalı çərçivəsində keçirilən "Koroğlu heykəli müsabiqəsi"nin yekununa əsasən şəhərdə Koroğlu parkı salınacaq.
Parkda xalq qəhrəmanı Koroğlunun 30 metr hündürlüyündə heykəli də ucaldılacaq. Bu layihənin həyata keçirilməsi ilə başda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan olmaqla, bütün türkdilli dövlətlər ortaq bir parka sahib olacaqlar.
Bolu bələdiyyə sədri Əlaəddin Yılmaz Koroğlunun Türk dünyasının ortaq qəhrəmanı olduğuna diqqət çəkərək deyib: "Müxtəlif yerlərdə müəyyən fərqlər olsa da, bu qəhrəmanın özü dəyişmir. Hər yerdə eyni Koroğlu ilə qarşılaşırıq. Biz də onun Boluda yaşadığını bilirik. Məqsədimiz Türk dünyasının ortaq qəhrəmanı olan Koroğlu sayəsində türkdilli ölkələrin dövlət başçılarını, baş nazirlərini və mədəniyyət nazirlərini Boluda görüşdürməkdir".