Bakı. Trend:
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib.
Trend-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan bəstəkarlıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev 2017-ci il iyun ayının 14-də ömrünün 71-ci ilində vəfat edib.
Rauf Əliyev 1947-ci il mayın 1-də Şuşada anadan olub. O, 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini görkəmli Azərbaycan bəstəkarı, professor Xəyyam Mirzəzadənin sinfində bitirib.
Geniş yaradıcılıq diapazonuna malik sənətkar öz istedadını müxtəlif musiqi janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaradıb, həm kino, həm də teatr sənətinə layiqli töhfəsini verib. Onun yaratdığı simfonik orkestr üçün “Neft daşları haqqında novella”, “Coşqu” simfoniyası, “Azərbaycan” vokal-simfonik poema, xor və simfonik orkestr üçün “Türk oğlu, irəli”, "Azadlığa gedən yollar", “Vətən uğrunda”, “Memorial-Qarabağ”, "a cappella" xoru üçün “Nə dilərsən, ürəyim”, “Ballada” əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bəstəkarın "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara volqa", "Vahimə", “Lovğa fil balası”, “Yalançı çoban” kimi 30-dan çox bədii və cizgi filmlərə yazdığı musiqi, habelə mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutub.
R.Əliyev Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının “Şuşa Bəstəkarlar Təşkilatı”nın sədri vəzifəsində çalışıb.
Son 10 il ərzində R.Əliyev bədii musiqi kollektivləri üçün bir çox musiqi əsərlərinin işləmələrini hazırlayıb. Bu əsərlər Azərbaycanda keçirilən dövlət tədbirlərində, Fransa, Almaniya, İtaliya və Yunanıstanda təşkil edilən konsertlərdə uğurla səslənib.
2015-ci ildə R.Əliyev Azərbaycan Dövlət Himninin partiturasının yenidən orkestrləşdirilməsi və redaktəsini həyata keçirib. Dövlət Himni 2015-ci ildə Birinci Avropa Oyunlarında və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında müvəffəqiyyətlə səslənib.
Bəstəkar 2016-cı ildə C.Məmmədquluzadənin “Ölülər” tamaşasının ilk quruluşunun 60 illiyi münasibətilə bu tamaşaya yazılan 9 musiqinin partiturasını yenidən orkestrləşdirilib.
R.Əliyev 2006-cı ildə “Humay” milli mükafatına, 2007-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Tanınmış sənətkar, gözəl insan R.Əliyevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində daima yaşayacaq.
Allah rəhmət eləsin!