...

Bülbülcana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2018 10:14 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, xanəndə Bülbülcana (Əbdülbaqi Zülalov) həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.
Bülbülcana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, xanəndə Bülbülcana (Əbdülbaqi Zülalov) həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Gülhüseyn Kazımlı və Vasif Quliyev tərəfindən qələmə alınan kitab Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib və “Təhsil” nəşriyyatında çap edilib.

Mərasimdə çıxış edən Gülhüseyn Kazımlı Bülbülcanın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb. Bülbülcanı fenomenal sənətkar kimi xarakterizə edən natiq onun yaradıcılıq yolu haqqında məlumat verib. Bildirib ki, kitabda muğam tariximizin ən parlaq səhifələrindən birini təşkil edən sənətkarın həyat və fəaliyyətinə nəzər yetirilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək nəşrin əhəmiyyətini diqqətə çatdırıb. Nazir Bülbülcanın muğam sənətimizin inkişafında verdiyi töhfələrdən də danışıb. Bildirib ki, Şuşada anadan olan sənətkar ömrünün 30 ilini Tiflisdə yaşayıb, Azərbaycan musiqisini, muğamını bu şəhərdə yüksək səviyyədə təbliğ edib. Tbilisidə elə bir yüksək səviyyəli məclis yox idi ki, Bülbülcan və onun ifaçılar dəstəsi ora dəvət edilməsin. Bülbülcan yaradıcılığının hər zaman diqqətdə olduğunu deyən nazir bildirdi ki, sənətkarın büstü Beynəlxalq Muğam Mərkəzində ucaldılıb. 2016-cı ildə onun 175 illik yubileyi bu məkanda qeyd edilib.

Daha sonra Xalq artisti Arif Babayev, Bülbülcanın nəticəsi Zemfira Zülalova çıxış edərək sənətkarın yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti