...

Teatr Muzeyində Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ekspozisiya açılacaq

Mədəniyyət Materials 18 Dekabr 2019 20:52 (UTC +04:00)
Muzey Mərkəzində əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunmuş ekspozisiyanın açılışı keçiriləcək.
Teatr Muzeyində Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ekspozisiya açılacaq

Bakı. Trend:

Dekabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni yaradılmış Cabbarlı ekspozisiyasının açılışı nəzərdə tutulur.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni tərtibatla hazırlanmış ekspozisiya sahəsində cari təmir və möhkəmləndirmə işləri aparılmış, müasir, interaktiv, digitallaşdırılmış bədii tərtibat işləri həyata keçirmişdir.

Burada ədibə məxsus şəxsi əşyalar, onun həyat və yaradıcılığına aid eksponatlar, əsərlərinin səhnə təcəssümünü əks etdirən dekorasiya və geyim eskizləri, əlyazmalar, fotolar, tamaşalardan və filmlərdən fraqmentlər virtual olaraq sərgilənəcəkdir. Təqdim olunan materiallarda Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, musiqisinə verdiyi töhfələr, onun ictimai fəaliyyəti tam əhatə olunur.

Tədbir çərçivəsində dramaturqun adını daşıyan Teatr Muzeyinin yaradılmasının 85 illik yubileyi də qeyd olunacaqdır.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb və dövlət statusu ilə fəaliyyətə başlayıb. Hazırda onun fondunda 137.000-dən artıq eksponat qorunur. Bunların sırasında teatr korifeylərinin həyat və yaradıcılığını əks etdirən şəxsi əşyalar, əlyazmalar, rejissor eksplikasiyaları, tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri, foto və neqativlər və s. var. Azərbaycan mədəniyyətində və incəsənətində xüsusi xidmətləri olan bir çox görkəmli sənətkarların, o cümlədən Ədil İskəndərovun, İsmayıl Hidayətzadənin, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Sidqi Ruhullanın şəxsi arxivləri ilə birgə Cəfər Cabbarlının şəxsi arxivinin böyük bir hissəsi məhz Teatr Muzeyində qorunur. Teatr Muzeyi milli teatr tariximizi yaşatmaqla yanaşı onun təbliği ilə də məşğul olur.

Tədbir iştirakçıları xüsusi hazırlanmış video çarxdan muzeyin ümumi fəaliyyəti ilə bağlı məlumat alacaqlar. Daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında Cəfər Cabbarlının əsərlərindən ibarət kompozisiya göstəriləcək.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi, əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, muzey əməkdaşları və media nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti