...

Xalq Bank görkəmli rəssam Tağı Tağıyevin bədii albomunun təntənəli təqdimatını keçirib (FOTO)

Mədəniyyət Materials 21 Dekabr 2019 13:42 (UTC +04:00)
Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il, noyabr ayının 7-də Bakı şəhərində zərgər ailəsində anadan olub
Xalq Bank görkəmli rəssam Tağı Tağıyevin bədii albomunun təntənəli təqdimatını keçirib (FOTO)

Bakı. Trend:

Dekabrın 20-də “Xalq Bank”ın əsas binasının 16-cı mərtəbəsində yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib. Trend-in məlumatına görə, layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilib. Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak ediblər.

Gecənin aparıcısı, Əməkdar artist Dilarə Səlim “Xalq Bank”ın illərdir həyata keçirdiyi nəcib missiyadan söz açıb. “Xalq Əmanəti” layihəsini xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində təqdirəlayiq iş olduğunu vurğulayan aparıcı sözü Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, bu gün 92 yaşını qeyd edən Xalq rəssamı Ömər Eldarova verib. Akademik albom üzərində çalışan insanlara minnətdarlığını bildirib və gördüklərindən böyük zövq aldığını dilə gətirib. Onun sözlərinə görə, Tağı Tağıyev dahi rəssam və böyük müəllimdir. Sərgilənən rəsmlər onun yaradıcılıq dühasının bir damlasıdır, buna baxmayaraq burada olan hər bir əsər ustadın bütün varlığını açır, onun sonsuz istedadını nümayiş etdirir. “Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyrinə işləyir. Mən bugünkü tədbirlə bağlı hamını təbrik edirəm”, – Azərbaycan incəsənətinin canlı korifeyi söyləyib.

Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəb olan ustad adlandırıb.

Tağı Tağıyevin oğlu, rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirib. “Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında mühüm iş adlandırıb və atasının bədii albomunun nəşrinə görə sonsuz sevincini bölüşüb.

Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində zərgər ailəsində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.

Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, tarixi şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanıb. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub.

Tağı Tağıyev bir çox xarici ölkələrdə - Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniyada səfərlərdə olub və o, ölkələrin adamlarının həyatına dair tablolar çəkib. Avropa və Afrika ölkələrində yaradıcılıq ezamiyyətində olan rəssam, dilindən, dinindən, irqindən asılı olmayaraq insanları, onların ideyalarını bədii boyalarla təsvir edir. Həmin səfərdən sonra yaratdığı “Afrikalı qız”, “Salam, yeni dünya” əsərləri bu gün də böyük maraqla baxılır.

Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssamlardan biridir. Onun yaradıcılığı və milli incəsənətin inkişafında xidmətləri yüksək qiymətləndirilib və o, Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Rəssamın əsərlərinin ekspozisiyası dekabrın 21-dən başlayaraq “Xalq Bank”ın əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür.

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti