...

Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

Mədəniyyət Materials 16 Fevral 2021 13:16 (UTC +04:00)
Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

Bakı. Trend:

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Youtube" kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli söz və fikir ustadının anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə bağlı Sərəncam verdiyini xatırladan onlayn proqramın aparıcısı, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının qonağı Almaniyada yaşayan yazıçı Orxan Aras olub.

Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratdığı barədə ətraflı məlumat verən Orxan Aras bildirib ki, görkəmli şairin "Xəmsə"si dünya ədəbiyyatına ciddi təsir edib, böyük ədəbi məktəbin bünövrəsini qoyub. Bunu Məhəmməd Füzulinin, Cəlaləddin Rumi Mövlanənin, Əlişir Nəvainin, Sədi Şirazinin və digər klassik şair və mütəfəkkirlərin əsərlərindən hiss etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin üslubu ilə müqayisə olunduğu vurğulanıb.

Tədbir zamanı N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışılıb. Müzakirələrdə Nizami Gəncəvinin əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının da yaradıcılıq fəaliyyətinə müsbət təsirindən söhbət açılıb.

Nizami Gəncəvinin insanları daimi əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin irs qoyub getdiyi qeyd edilib, diaspor təşkilatlarının və soydaşlarımızın yaşadıqları ölkələrdə dahi şairin yaradıcılığını dərindən öyrənmələrinin və təbliğ etmələrinin vacibliyi bildirilib.

Proqramı daha ətraflı şəkildə aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=ZN-8--eQsX0&feature=youtu.be

Məqalədə:
Xəbər lenti

Xəbər lenti