...

Azərbaycan Milli Kitabxanasının inkişafının professor Kərim Tahirov mərhələsi

Mədəniyyət Materials 13 Noyabr 2021 16:01 (UTC +04:00)
Azərbaycan Milli Kitabxanasının inkişafının professor Kərim Tahirov mərhələsi

Bakı. Trend:

(Kərim Tahirov-70)

2021-ci il noyabr ayının 12-də kitabxanaşünas-alim, professor Kərim Məhəmməd oğlu Tahirovun 70 yaşı tamam olur. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Kərim Tahirov ömrünün 30 ildən çox hissəsini Azərbaycan mədəniyyətinin, kitabxana işinin inkişafına həsr etmişdir. Bunun nəticəsidir ki, alim təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış və şöhrət qazanmışdır.

Kərim Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almış və təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına ( indiki Azərbaycan Milli Kitabxanası) göndərilmişdir. 1979-1982-ci illərdə Elmi-metodiki şöbəsində böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır.1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi,1987-1988-ci illərdə rəisi,1988-1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey İşləri Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.2000-2005-ci illərdə Milli kitabxananın Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.

Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. K itabxanaşünas alimin elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

Tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmişdir. Görkəmli kitabxanaşünas alim, BDU-nun fəxri professoru Abuzər Xələfovun rəhbərliyi ilə 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Alimin tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

Fədakar alim “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

Professor Kərim Tahirov BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır. O, BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq, Kitabşünaslıq ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrantların elmi rəhbəri və rəsmi opponenti olmuşdur. 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədridir.

Professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu dövrdən kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində bir sıra irəliləyişlər baş vermişdir. Belə ki, bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 2015-ci ildən isə vitse-prezidentidir. Beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda , Azərbaycan kitabını təbliğ etməkdə alimin zəhmətini xüsusi qeyd etmək lazımdır. Kərim Tahirovun kitabxanaya rəhbərliyi dövründə 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.

“Milli - mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəri olan Kərim Tahirov həmişə yeniliyə can atır.

Professor Kərim Tahirovun səyi nəticəsində oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuşdur. Kitabxananın elektron kataloqu və elektron kitabxanası yaranmışdır. Alimin rəhbərliyi altında müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafik vəsaitlər tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, Elmi Şurası yaradılmışdır.

Professor Kərim Tahirov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin etmişdir. Eyni zamanda alim 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.

Fədakar alim, təcrübəli təşkilatçı, professor Kərim Tahirovun zəhməti həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur. 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir. Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur. 28 oktyabr 2019-cu ildə mədəniyyət nominasiyası üzrə “Cəfər Cabbarlı” mükafatına layiq görülmüşdür. 2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülmüşdür.

Professor Kərim Tahirovun yubileyi ilə əlaqədar olaraq Milli kitabxanada “Professor - Kərim Tahirov” adlı elektron məlumat bazası və “Kitabxanaşünas alim-Kərim Tahirov” adlı virtual sərgi onlayn rejimdə oxucuların istifadəsinə verilmişdir.

Görkəmli alim, təcrübəli müəllim, qayğıkeş rəhbər, ictimаi хаdim, professor Kərim Tahirovu 70 illik yubileyi münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və çoxşaxəli fəaliyyətində uğurlar diləyirik!

Solmaz Sadıqova

BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru

Rəşad Sadıqov

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti