...

Heydər Əliyev Mərkəzində “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitabın təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 14 İyun 2023 12:27 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitabın təqdimatı olub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 13-də Heydər Əliyev Mərkəzində “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitabın təqdimatı keçirilib.

Trend xəbər verir ki, Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri, istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvabın (1833-1918-ci illər) rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti barədə bir sıra kitab nəşr olunsa da, onun bütünlükdə fəaliyyətini əks etdirən kitab nəşr olunmamışdı.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitabda Mir Möhsün Nəvvab Qarabağinin tərcümeyi-halı, həyat və yaradıcılığına dair məlumat verilib və maarifpərvər fəaliyyəti işıqlandırılıb.

Tədbirin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri və səfər zamanı Mir Möhsün Nəvvabın Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarının və ona həsr olunan sərginin ziyarətini əks etdirən videoçarx nümayiş olunub.

Kitabın müəllif Səbuhi Əhmədov öz çıxışında kitabdakı materiallar barədə məlumat verib.

Müəllif kitabın Mir Möhsün Nəvvab Qarabağinin indiyədək məlum olmayan irsinə - yığdığı Azərbaycan silahlarına həsr olunduğunu qeyd edib. Nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edildiyi diqqətə çatdırılıb. Azərbaycan və ingilis dillərində hazırlanan kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilir.

“Mir Möhsün Nəvvab Qarabaği Şuşada dünyaya göz açıb, orada yaşayaraq yaradıb. Bu nəşrin strukturunda öz əksini tapıb. Nəşrdə Mir Möhsün Nəvvabın şəxsi silah kolleksiyası, onun formalaşması və tarixçəsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Mir Möhsün Qarabağinin kolleksiyasını araşdırarkən maraqlı sualla qarşılaşdıq: “Mir Möhsün Nəvvab Qarabaği kimdir?” Kitabda Mir Möhsün Nəvvab Qarabağinin şəxsiyyəti ilə əlaqəli maraqlı faktlar əks olunub”, - deyə Səbuhi Əhmədov qeyd edib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Tarix Muzeyində Nəvvabın yaradıcılığına aid materialların qorunub saxlanılmasından, o cümlədən təqdimatı keçirilən kitabın mövzusuna aid olan eksponatlar haqqında danışıb.

Mir Möhsün Nəvvabın orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya topladığı və onun kolleksiyasından bir neçə nümunənin hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunduğu vurğulanıb.

“Biz olduqca maraqlı bir kitabın təqdimatında iştirak edirik. Mir Möhsün Nəvvab Qarabağinin fəaliyyəti ilə tanış olduqda onun Azərbaycan xalqı üçün nələr etdiyindən heyrətə gəlirsən. 1940-ci ildə Mir Möhsün Nəvvab Qarabaği ilə əlaqəli eksponatlar onun oğlu tərəfindən bizim Muzeyə təqdim olunub. Bu kolleksiya tarixi, incəsənəti və silah işinin texnikasını nümayiş etdirir. Onlara təkcə silah kimi yanaşmaq zənnimcə düzgün olmaz, çünki bu unikal eksponatların üzərində xüsusi incəliklə işlənmiş naxışlar da var. Həmçinin o silahların məhz Azərbaycanda istehsal olunması bizim tariximiz üçün çox vacib bir faktdır”, - N.Vəlixanlı deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist İlqar Fəhmi çıxışında Mir Möhsün Nəvvab Qarabağinin ədəbiyyatdakı rolundan və bu sahəyə olan töhfələrindən danışıb. “Nəşr vasitəsilə Mir Möhsün Nəvvab Qarabağinin həyat və yaradıcılığı ilə yanaşı Şuşa şəhərinin və Qarabağın mədəni həyatı ilə də tanış oluruq. Kitabın həm Azərbaycan, həm də ingilis dilində nəşr edilməsi əhəmiyyət daşıyır”, - deyə İlqar Fəhmi əlavə edib.

Mir Möhsün Nəvvab Qarabağinin fəaliyyətindən danışan İlqar Fəhmi qeyd edib ki, Azərbaycan xalqı onu ilk növbədə şair kimi tanıyır, axı şeirlər ağızdan ağıza ötürülür.

Tədbirdə Mir Möhsün Nəvvab Qarabağini əhatə edən yaradıcı auraya uyğun olaraq hazırlanan bədii proqram təqdim edilib. Səslənən musiqi və şeirlər sayəsində Nəvvabın yaşadığı dövrün ab-havası yaradılıb.

Bədii rəhbərinin Xalq artisti Munis Şərifovun olduğu Qədim Musiqi Alətləri Ansamblının çıxışı tədbirin qonaqlarının diqqətinə çatdırılıb. Xalq artisti Teyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova solistlər olaraq çıxış ediblər.

“Mirvari” (bədii rəhbəri Əməkdar artist Nailə Məmmədzadə) Rəqs Ansamblı xəncərlərlə valehedici rəqs nümayiş etdirib.

Gecədə Mir Möhsün Nəvvab Qarabağinin şeirləri əsasında qəzəl və muğamlar ifa olunub.

Tədbirin maraqlı məqamlarından biri auditoriyanın da təqdimata cəlb edilməsi olub. Belə ki, Əməkdar artist, aktyor Elnar Qarayev Nəvvabın şeirini səsləndirərkən müəyyən bir məqamda dayanıb və sətirləri zaldakı tamaşaçılar davam etdirib.

Heydər Əliyev Mərkəzinin foyesində qonaqlar Nəvvabın rəsm əsərlərinin surətlərindən ibarət stendlərlə tanış olublar.

Qeyd edək ki, Mir Möhsün Nəvvab Qarabağinin (1833-1918-ci illər) bu il anadan olmasının 190 ili tamam olur.

Bu ilin may ayında Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri əsaslı yenidənqurma və bərpa işlərindən sonra Şuşada Gövhər Ağa məscidinin açılışında iştirak ediblər. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Məscidin ərazisində yerləşən mədrəsə binasında isə hazırda “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi açılıb. Eyni zamanda Şuşada Heydər Əliyev Fondu tərəfindən Nəvvabın qəbirüstü abidəsi bərpa olunub.

Təsadüfi deyil ki, tariximizin qorunub saxlanması və təbliği, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində vacib işlər görən Heydər Əliyev Fondunun növbəti layihəsi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti