Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin “Muğam dəstgahları” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub.
Trend xəbər verir ki, layihə çərçivəsində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (Bədii rəhbər və baş dirijor Mustafa Aşurov) “Zabul segah” və “Bayatı Kürd” səslənib.
Konsertdən əvvəl BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə tamaşaçıları salamlayaraq BMM-də muğam dəstgahlarının XÇA orkestri ilə təqdimi ənənəsini mühüm musiqi hadisəsi kimi dəyərləndirib. İfa olunacaq muğamlar haqqında məlumat verib.
Tamaşaçılar sırasında gənclərin say çoxluğuna diqqət çəkən direktor milli irsimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.
Çıxışdan sonra muğamlar Əməkdar artistlər Sevinc Sarıyeva, Bəyimxanım Vəliyeva, Qoçaq Əsgərov və xanəndə Elbrus Niftəliyevin ifasında təqdim olunub. Orkestrin müşayiəti ilə xanəndələrin peşəkar ifaları tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az