...

Azərbaycanda ilk dəfə fortepiano üzrə milli dərslik hazırlanır

Mədəniyyət Materials 16 May 2025 09:27 (UTC +04:00)
Azərbaycanda ilk dəfə fortepiano üzrə milli dərslik hazırlanır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, II və III siniflər üçün yeni dərslik hazırlanır. Bu, müstəqillik dövründə hazırlanacaq ilk dərslik olacaq.

Trend Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, hazırda musiqi məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrin ortalarında yazılmış materiallara əsaslanır.

"1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin “Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı”, eləcə də Sevda İbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərin vəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da, müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqoji prinsipləri tam şəkildə əhatə etmir.

Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.

Dərsliyin əsas məqsədi – şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir", - nazirlikdən bildirilib.

Qeyd edilib ki, pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti