...

Niderlandda “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” xalça sərgisinin açılış mərasimi keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 22 May 2025 17:27 (UTC +04:00)
Niderlandda “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” xalça sərgisinin açılış mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

21 may tarixində Niderlandın inzibati mərkəzi olan Haaqa şəhərinin ən görkəmli məkanlarından hesab olunan Haaqa şəhər Meriyasının binasındakı “Atrium City Hall”da “Azərxalça” ASC-nin yeni, “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” xalça sərgisinin açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Haaqa şəhərinin rəhbərliyi, Niderlandın müxtəlif dövlət qurumları, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, mədəniyyət, incəsənət, elmi-akademik dairələrin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak etmişdir.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə sərginin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunmuş müxtəlif ölkələrdə silsilə tədbirlər çərçivəsində keçirildiyini bildirmişdir. Diplomat Azərbaycanın qədim və zəngin mədəni irsinin bariz nümunələrindən olan xalçaçılıq sənətinin tarixi və ölkəmizdə xalçaçılıq sənətinin inkişafına dövlət tərəfindən göstərilən qayğı barədə məlumat vermişdir. O, dünyaca məşhur olan Azərbaycan xalçalarının qədimliyini məşhur Avropa rəssamlarının əsərlərinin də təsdiq etdiyini bildirmiş, o cümlədən Niderland rəssamlıq sənətində iz buraxmış Jan van Eyck və Hans Memling kimi məşhur isimlərin də öz əsərlərində Azərbaycan xalçalarından istifadə etdiklərini demişdir. Sərginin adından da göründüyü kimi onun məqsədinin sənət vasitəsilə Azərbaycan həqiqətlərinin öyrənilməsinə xidmət etmək olduğunu və bu mədəni tədbirin bir ay ərzində Azərbaycan və Niderland xalqlarının yaxınlaşmasına töhfə verəcəyini bildirmişdir. Diplomat Haaqa şəhər Meriyasına bu sərginin təşkilinə yaradılmış şəraitə görə təşəkkür etmişdir.

Ardınca çıxış edən Haaqa şəhərinin merinin müavini Nur İkardi meriya binasında Azərbaycanın xalçaçılıq sənətinin nümunələrindən ibarət sərginin keçirilməsindən şəhər rəhbərliyinin məmnunluğunu bildimiş, sərginin Azərbaycanın zəngin və qədim mədəni irsini nümayiş etdirdiyini demişdir. Azərbaycan xalçalarının gözəlliyinin uzun əsrlər boyu Avropada, o cümlədən Niderlandda doğurduğu əks-səda, bir sıra məşhur rəssamların və sənətçilərin öz əsərlərində Azərbaycan xalçalarına yer verdikləri barədə danışmışdır. Meriya binasının Haaqa şəhərinin gündəlik sosial həyatındakı mərkəzi rolunu nəzərə alaraq, sərginin Azərbaycan mədəni irsinin Niderlandda tanıdılmasına böyük töhfə verəcəyini demiş, habelə bu kimi tədbirlərin Haaqa şəhərinin mədəni həyatının daha da zənginləşməsinə xidmət etdiyini söyləmişdir.

"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov da tədbirdə çıxış edərək, iki ölkə arasındakı mədəni mübadilədə bugünkü tədbirin vacibliyini qeyd edib. 100 illik “Azərxalça” ASC tarixindən söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub. Bu məqsədlə təşkil olunmuş və 2-4 may tarixlərində Bakıda baş tutan, dünyaya səs salan Beynəlxalq Xalça Festivalından tədbir iştirakçılarına xəbər verildi, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalardan söz açıldı. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC – nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan söz açıb. Çıxışının sonunda E.Məmmədov sərgidən Haaqa şəhər Meriyasına xatirə olaraq, şəhər Meriyasının Təhsil və Mədəniyyət İşləri üzrə Baş Direktoru Korrie Louvesə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabını təqdim etmişdir.

Çıxışlarından sonra iştirakçılara sərgidə nümayiş olunan ekspanatlarla bağlı məlumat verilmiş, habelə “Xarıbülbül” rəqs qrupunun ifasında “Naz eləmə”, “Mirzəyi” və “Uzun dərə” kimi Azərbaycan milli rəqsləri də təqdim olunmuşdur.

Habelə sərginin açılışı mərasimi çərçivəsində təşkil olunmuş mühazirə və ustad dərsində Azərbaycan xalçalarının simvolizmi və tarixi təqdim olunmuş, iştirakçılar ənənəvi düyün texnikası ilə tanış olmuş və xalça naxışlarının toxunması prosesini praktiki şəkildə sınaqdan keçirmişlər. Bu təcrübəni əldə etmiş iştirakçılara xatirə olaraq sertifikatlar təqdim edilmişdir.

20 iyun tarixinədək davam edəcək sərgidə Azərbaycan xalça sənətinin müxtəlif dövrlərinə aid seçilmiş nadir 20 sayda xalça nümunələri nümayiş olunur. Sərginin məqsədi Azərbaycan xalçaçılıq sənətini yalnız estetik dəyərə malik bəzək elementi kimi deyil, eyni zamanda tarixi yaddaşı qoruyan, nəsilləri birləşdirən və milli kimliyi təcəssüm etdirən canlı mədəni fenomen kimi təqdim etməkdir. Ziyarətçilərin xüsusi marağına səbəb olan eksponatlar sırasında Qarabağ xalça məktəbinin Qasımuşağı və Çələbi kompozisiyalarının müasir interpretasiyaları, rəssam Samirə Allahverdiyevanın əsərlərindən ilhamlanaraq hazırlanmış “Bağda Meyvələr” adlı 3D teksturalı xalçalar, eləcə də 2024-cü ildə Architectural Digest jurnalının “Dünyanın Ən Yaxşı 100 Dizayneri” siyahısına daxil edilmiş alman dizayner Jan Kathın eksklüziv xalçaları yer alır.

Sərginin keçirildiyi Haaqa Meriyasının binasındakı “Atrium City Hall” gün ərzində təxminən 4 min ziyarətçi qəbul edir ki, bu da bir ay ərzində Azərbaycan xalçalarının geniş auditoriyaya təqdim edilməsinə imkan yaradır.

Xəbər lenti

Xəbər lenti