Bakı.Trend:
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev UNESCO-nun yeni baş direktoru vəzifəsinə namizədi təbrik edib.
Trend xəbər verir ki, 6 oktyabr 2025-ci il tarixində UNESCO İcraiyyə Şurasının 222-ci sessiyası çərçivəsində keçirilmiş səsvermələr zamanı misirli Xalid Əhməd Əl-Ənani mütləq səs çoxluğu əldə edərək, İcraiyyə Şurası tərəfindən UNESCO-nun növbəti baş direktoru vəzifəsinə namizəd elan edilib. Səsvermənin ardınca baş tutmuş iclasda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev X.Əl-Ənanini üzv dövlətlərin etimadını qazanması münasibətilə Azərbaycan Respublikası adından təbrik edib. Çıxış zamanı səfir E.Abdullayev X.Əl-Ənaniyə yeni fəaliyyətində uğurlar arzulayaraq, İcraiyyə Şurasının qərarının UNESCO tarixində yeni bir mərhələnin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb.
Səfir çıxışı zamanı qeyd edib ki, hazırda çoxsaylı çağırışlarla üz-üzə olan UNESCO qarşısında etimadı bərpa etmək və çoxtərəfli həmrəyliyi möhkəmləndirmək üçün imkanlar mövcuddur. O, bildirib ki, Azərbaycan UNESCO-nun inkişaf etdirilməsi, onun dialoq və sülh məkanı kimi rolunun daha da gücləndirilməsi, eləcə də təşkilatın şəffaflıq və səmərəliliyinin artırılması, maliyyə və institusional dayanıqlığının təmin olunması istiqamətində yeni baş direktorun göstərəcəyi səylərə tam dəstək verməyə hazırdır.
Səfir həmçinin yeni rəhbərlik tərəfindən ortaya qoyulacaq yeni baxışın UNESCO-nun praktiki müstəvidə təsirini artıracağına, habelə mədəni irsin qorunması, təhsilin möhkəmləndirilməsi, elm və innovasiyanın təşviqi, eləcə də ifadə azadlığının müdafiəsi istiqamətində daha geniş imkanlar yaradacağına ümidvar olduğunu bildirib. Çıxışının sonunda səfir E.Abdullayev tərəfdaşlıq və ortaq məsuliyyət ruhunda birgə fəaliyyətin UNESCO-nu dünya xalqlarının gözləntilərinə adekvat cavab verən bir quruma çevirəcəyinə inandığını bəyan edib.
Daimi nümayəndənin çıxışı zalda alqışlarla qarşılanıb.
Qeyd edək ki, İcraiyyə Şurası tərəfindən UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Xalid Əhməd Əl-Ənaninin namizədliyinin UNESCO Baş Konfransının 30 oktyabr-13 noyabr 2025-ci il tarixlərində keçiriləcək 43-cü sessiyası zamanı təsdiq edilməsi gözlənilir.