Bakı. İlhamə İsabalayeva – Trend:
Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir neçə hotel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, əcnəbi müştərilərdən isə həmin hotellər nikah haqqında şəhadətnamə tələb etmirlər:
“Hotellərin nikah kağızı tələb etməsi qanuna ziddir. Çünki şəxsiyyəti təsdiq edən sənəd təqdim edildiyi halda, hotel müştərini qəbul etməlidir. Əgər hotel şəxsiyyət vəsiqəsini qəbul etmirsə, ilk növbədə Azərbaycan vətəndaşına qarşı və ölkə tərəfindən tanınan şəxsiyyət vəsiqəsinə hörmətsizlik edir”.
Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən N.Bağırov qeyd edib ki, hotelə getdiyi zaman nikah şəhadətnaməsi tələb olunan şəxslər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidirlər:
“Əvvəllər şikayət ərizəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək olardı. Hazırda turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildiyindən bu sahəyə nəzarət etmək mümkün olmur. Ona görə də belə hallarla rastlaşan şəxslər yalnız məhkəmələrə müraciət edə bilərlər. Hər bir vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etməklə öz haqqını qorusun”.
Türkiyədə halal standartı ilə fəaliyyət göstərən hotellərin olduğunu və oraya yalnız nikahda olan şəxslərin yerləşdirilməsinə icazənin verildiyini deyən N.Bağırov qeyd edib ki, belə hotellər halal standartı ilə bağlı digər tələblərə də riayət edirlər:
“Əgər hotel sırf bu tələblərə riayət edərək fəaliyyət göstərirsə, buna etirazımız yoxdur. Ancaq hotel buna əməl etməyib bircə nikah kağızını tələb edirsə, bu, hörmətsizlikdir. Hotel nikah kağızının təqdim edilməsi tələbini həm yerli, həm də əcnəbi vətəndaşa şamil etməlidir və onlayn bronlaşdırma zamanı da belə bir şərtin olduğunu ayrıca olaraq, göstərməlidir”.