Bakı. Ceyhun Ələkbərov - Trend:
Bərdədə küçədə iki azyaşlı uşaq tapılıb.
Trend-in məlumatına görə, hadisə ötən gecə baş verib. Azyaşlı uşaqları Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları xilas ediblər. Onlar təcili yardımla uşaqları xəstəxanaya çatdırıblar.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Trend-ə bildirib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var:
"Əməkdaşlarımız ötən gecə saat 21:10 radələrində mənimlə əlaqə saxlayaraq, Bərdədə yerləşən şadlıq saraylarının birinin qarşısında kimsəsiz qalan qız və oğlan uşaqlarını tapdıqlarını söylədilər. Mənim tapşırığımla onlar təcili olaraq xəstəxanaya çatdırıldı. Bütün lazımi tibbi tədbirlər görüldü və uşaqlarda heç bir problem aşkarlanmadı. Hazırda Uşaq xəstəxanasına yerləşdirilən körpələrin vəziyyətləri yaxşıdır".
Baş həkimin sözlərinə görə, uşaqları toya gələn valideynlərin atması ehtimal edilir. Çünki körpələr şadlıq sarayının qarşısında tapılıb və ola bilər ki, toydan içkili çıxan valideyn onları orada unudub.
Faktla bağlı polisə müraciət olunub, araşdırma aparılır.