Bakı. Trend:
Azərbaycanda indiyə qədər 200-dən artıq "Şəxsi" poçt markası çap edilib. Bu barədə Trend "Azərpoçt" MMC-yə istinadən məlumat verir.
Azərbaycanda "Şəxsi" markanı fiziki və hüquqi şəxslər bir suvenir kimi, ya da poçt markası kimi sifariş edə bilər.
"Şəxsi" markanı fiziki və hüquqi şəxslər bir suvenir kimi və ya poçt markası kimi sifariş edə bilər. Azərbaycanda bu markaların çapına 2014-cü ildə keçirilən 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilən "Bakıfilekspo-2014" IV Milli Filateliya sərgisi çərçivəsində başlanılıb.
"Şəxsi" markanın üzərində sifarişçi özünün və yaxınlarının şəkillərini, eyni zamanda, hüquqi şəxslər öz müəssisələrinin loqotiplərinin reklam xarakterli təsvirlərini yerləşdirə bilər. Bu markaları zərflərin üzərində də göndərmək mümkündür. Amma bu markaların zərflərin üzərinə yapışdırılan adi markalardan hər hansı üstünlüyü və ya fərqi yoxdur.
Qeyd edək ki, "Şəxsi" poçt markaları sifariş edilərkən sifarişçi bütün fotoları və yaxud informasiyanı elektron daşıyıcı vasitəsilə verməlidir. Sözügedən markalar ölkəmizdə Birinci Avropa Oyunlarının məşhur idmançıları üçün də sifariş edilib. Ümumiyyətlə isə ölkəmizdə indiyə qədər 200-dən artıq belə marka çap edilib.
Bu gün bütün dünyada çoxsaylı markalar çap edilir, amma birincilik haqqının verdiyi "üstünlük" heç də onlara şamil edilmir. İstənilən poçt markasında onu buraxmış ölkənin adı latın hərfləri ilə qeyd edilir. Əgər markanın üzərində adlar yoxdursa, deməli, bu, Böyük Britaniyanın markasıdır. Bu gün Böyük Britaniya dünyada yeganə ölkədir ki, poçt markalarında öz adını çap etmir. Ümumdünya Poçt İttifaqı müxtəlif ölkələrdə markalara qarşı tələbləri müəyyənləşdirərək bütün ölkələri poçt markasında ölkə adını göstərməyə məcbur edir.