Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayı artmaqdadır və buraya qəbul üçün hətta güclü müsabiqə vəziyyəti yaranır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu gün AMEA büdcədən kənar vəsaitləri Yüksək Texnologiyalar ParkınIn fəaliyyəti nəticəsində əldə edir: "Elmin inkişafı üçün büdcədən kənar vəsaitlərdən istifadə edilməlidir".
A.Əlizadə deyib ki, son illər ərzində akademiyada elm və təhsilin inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirilib. Lakin bu istiqamətdə fəaliyyət yeni keyfiyyətdə davam etdirilməlidir.
Akademik AMEA-da Tədqiqat Universitetinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsini zəruri sayıb.
A.Əlizadə qeyd edib ki, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir.
AMEA prezidenti əlavə edib ki, akademiyanın Strateji Elmi Tədqiqatlar Mərkəzinin ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsi ilə bağlı fəaliyyəti davam etdirilməlidir. Həmçinin alimlər qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməlidirlər.
Azərbaycan alimlərinin əldə etdikləri uğurlar barəsində də danışan
A.Əlizadə deyib ki, ilk dəfə olaraq, xarici alimlərlə birlikdə Qafqazın tektonik xəritəsi hazırlanıb. Tarixçilər İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib, orada xristian əhalinin olması barədə uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar.