Bakı. Samir Əli - Trend:
Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verir.
İdarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək:
"Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır".