Bakı. İlhamə İsabalayeva - Trend:
Ərazidə külək səngisə də, Hirkan Milli Parkında yanğın hələ davam edir. Lakin gecə saatlarına nisbətən yanğının qarşısı nisbətən alınıb.
Trend-in məlumatına görə, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
Onun sözlərinə görə, dünən gecə saatlarından başlayan yanğın Hirkan Milli Parkının İranla həmsərhəd əraziyə yaxın - Astarada baş verib.
F.Əliyev qeyd edib ki, küləyin güclü olması və relyefin mürəkkəb olması əraziyə yanğınsöndürənlərin müdaxiləsini çox çətinləşdirir. Buna görə də ancaq əl əməyindən istifadə olunur:
"Hirkan Milli Parkının və ərazidəki meşə müəssisəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsi, kənd camaatı yanğının söndürülməsinə iştirak edirlər.Səhər saat 8.30-da bir qrup heyət də yanğının söndürülməsinə əlavə kömək üçün göndərilib".