...

“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)

Gündəm Materials 28 Oktyabr 2021 11:53 (UTC +04:00)
“Bu ürəyin sayəsində…” -  Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)

Bakı. Trend:

“Hərbçinin ən böyük silahı onun ürəyidir. Bu ürəyin sayəsində inşaAllah ki, işğal altında olan torpaqlarımızı alacağıq!”

Bunu deyərkən əli ilə çox da uzaqda olmayan həmin o torpaqları göstərir…

İnsan nəyi çox ürəkdən arzu edirsə, sidq ürəklə o niyyətinə bağlı yaşayırsa, Allah-Təala onun niyyətini yerinə yetirir, Allah ürəkləri biləndir.

“Öncə Vətən! Qalan hər şey ondan sonra gəlir”. Bunu da Elmir demişdi. Öncəliyi Vətən olan, ən böyük silahı ürəyi olan, ürəyindəki Vətən sevgisinə, təpərinə güvənərək doğma torpağını azad edəcəyi günü gözləyən Şəhid Elmir Vəliyev.

Ölümündən bir neçə gün əvvəl dostlarına “Bizim fəlsəfəmiz bəllidir: Öncə Vətəndir!” deyən mərd, qorxmaz, vətənpərvər Elmir Vəliyev.

Vəliyev Elmir Məmmədqulu oğlu 13.04.1986-cı ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1992-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə gedib, 2003-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2004-ci ildə həqiqi hərbi xidmətə çağrılır. 2006-ci ilin yanvar ayında xidmətini N-saylı hərbi hissədə başa vurub.

2009-cü ildə ailə qurmuş və iki övladı dünyaya gəlmişdir - Vəliyev Dəniz və Vəliyeva Zəhra.

2008-ci ildə N-saylı hərbi hissədə könüllü olaraq müddətdən artıq hərbi quluqçu tankçı kimi xidmətə başlamışdır.

Xidmət etdiyi müddətdə iki dəfə fəxri fərmanla təltif edilib.

Elmir 2016-cı il Aprel döyüşlərində böyük şücaətlə döyüş əməliyyatlarında iştirak etmişdir. Düşmənin bir neçə texnikasının və şəxsi heyətinin məhv edilməsində xüsusilə fərqlənmişdir.

Vətən müharibəsi başlayan tarixdən Elmir Vəliyev döyüş əməliyyatlarına böyüş ruh yüksəkliyi ilə qatılaraq düşmənin bir neçə texnikasının, şəxsi heyətinin məhv edilməsində iştirak edib. Elmir işğal altında olan bir neçə yaşayış məntəqələrimizin işğaldan azad olunmasında böyük şücaət göstərib. 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Ali baş komandan cənab İlham Əliyevin sərəncamına əsasən, Elmir Vəliyev ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunmuşdur.

Elmirin ölümündən bir il ötür, daha doğrusu, ölümsüzlüyə qovuşduğu tarixdən bir il ötür. Elmirin iki övladı bu xalqa əmanətdir, onun qəhrəman ürəyi, onun böyük ürəyi isə bütün ürəklərdə yaşamağa layıqdir! İnanırıq ki, Elmirin ruhu Qələbəmizə şaddır, sevinir, niyyətinə çatdığı üçün, ən ali zirvə olan Şəhidlik məqamına ucaldığı üçün bəxtiyardır!

Şəhidlər bizim qürur mənbəyimizdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirələrini hörmətlə və ehtiramla yad edirik!

Sevda İlhamqızı

Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti