...

Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur

Gündəm 26 Yanvar 2022 00:01 (UTC +04:00)
Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur

Bakı. Trend:

Azərbaycanda koronavirusun "omikron" ştamı aşkar olunduqdan sonra yoluxmaların sayında ciddi artım müşahidə olunur. Son sutkanın statistikasına görə, Azərbaycanda 2400-dən çox yoluxan şəxs olub. "Omikron"nun yayılma sürəti nəzər alınsa, yoluxmaların artacağı da istisna edilmir.

Yoluxmaların sayı artsa da, müsbət amillərdən başlıcası odur ki, vəziyyəti ağırlaşaraq xəstəxanalara yerləşdirilənlərin sayında ciddi artım yoxdur. Bu da ölkədə aparılan vaksinasiya prosesinin faydalı nəticəsidir. Vaksin olunan şəxslər yeni xəstəliyi yüngül formada keçirir.

Səhiyyə qurumları növbəti dəfə vətəndaşlara müraciət edərək bildirib ki, yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan beş ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırıb.

Səhiyyə nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova Trend-in suallarına cavablandırarkən bildirib ki, koronavirusun "omikron" ştamının klinik-patogenik xüsusiyyətləri, epidemik fəallığını nəzərə alaraq, ÜST bütün dünya ölkələrini, xəstəliyin müalicəsi, gedişatı, karantin tədbirləri ilə bağlı qərarları bir daha nəzərdən keçirməyə çağırıb.

Onun sözlərinə görə əvvəlki ştammlara nəzərən daha az inkubasiya dövrü, xəstəliyin klinik simptomlarının daha tez təzahür etməsi xüsusiyyətinə görə, artıq bir sıra dövlətlərdə karantin müddətinin qısaldılması ilə bağlı qərarlar gündəmə gəlib.

"Bizim ölkəmizdə də bununla bağlı Nazirlər Kabinetinin qərarına əsasən laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləçəkdir. Həmçinin xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır."- deyə o bildirib.

K. İsmayılova vətəndaşalra müraciət edərək vaksinasiyanın əhəmiyyətinə də toxunub.

"Yoluxmanın qarşısının alınması üçün ən başlıca amil vaksinasiyadır, gündəlik həyatımızda da karantin rejiminin zəruri tələblərinə əməl etməliyik", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti