...

Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar - Qaradağlı faciəsinin şahidi (VİDEO)

Gündəm Materials 17 Fevral 2023 14:28 (UTC +04:00)
Ermənilər gənclərimizi maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə apardılar - Qaradağlı faciəsinin şahidi (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 31 il keçir.

Həmin faciənin şahidlərindən biri, 55 gün əsirlikdə qalan Şahruz Əliyev Trend-ə müsahibəsində bildirib ki, ermənilər əsirləri maşınlara dolduraraq Xankəndiyə yollanıblar.

"Həmkəndlimiz Eldar Hüseynovu ağacla başına döyərək, kəndin iki kilometrliyində öldürdülər. Ondan sonra kəndçimiz Hüseynov Şahmuradı baltalayaraq, yolun qırağında vəhşicəsinə qətlə yetirdilər. Bəylik bulağında bizim cavanları maşından çıxarıb, hamısını yerindəcə güllələdilər. Xankəndində bizi zirzəmidə cərgəyə düzüb, döyürdülər. Qoca-ağsaqqal, uşaq demirdilər. Zirzəmidə gecə sabaha kimi bizə işgəncə verdilər", - Ş.Əliyev o günləri belə xatırlayır.

Şahid bildirir ki, o ünvan təkcə işgəncə məkanı yox, həm də doğmaların bir-birindən ayrılacağı son görüş yeri olur.

"Burda ata baladan, oğul anadan ayrılır. Yaşı az olanlar, gənclər maşınlara yığılır, heç vaxt geri qayıtmayacağı ünvana aparılır. Cavanları başqa maşınlara yığıb, qəbiristanlıqda başlarını kəsməyə aparmışdılar. Hələ də onlardan bir xəbər yoxdur".

Ş.Əliyev qeyd edib ki, 1992-ci il Xankəndidə polis şöbəsində olarkən hər gün döyülür, bıçaqla bədənlərinə xəsarətlər yetirilir, yaraları ayaqları ilə tapdalanaraq, işgəncələrə məruz qalırdılar.

“Bizim həmkəndlilərdən 3-ü orada döyülə-döyülə qətlə yetirildilər. 55 gün erməni əsirliyində qaldım. 55 gün sonra Qarağacı qəbiristanlığında bizi dəyişdilər", - deyə şahid qeyd edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 31 il keçir. Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılır, əhaliyə qarşı soyqırımı törədilir. İşğal zamanı 118 nəfər əsir götürülür, 33 nəfər güllələnir. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti