...

Fazil Mustafaya hücumla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Gündəm Materials 4 Aprel 2023 22:49 (UTC +04:00)
Fazil Mustafaya hücumla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. Trend:

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.

Trend-in məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti