...

Fazil Mustafa yenidən əməliyyat olunub

Gündəm Materials 8 Aprel 2023 09:55 (UTC +04:00)
Fazil Mustafa yenidən əməliyyat olunub

Bakı. Trend:

Milli Məclisin deputatı Fazil Mustafa yenidən əməliyyat olunub.

Trend-in məlumatına görə, bu barədə F.Mustafa "facebook" hesabında yazıb.

"Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!", - millət vəkili yazıb.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

F.Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı bir neçə nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti