...

Amuldağ yatağının çirkləndirdiyi “Cermuk” mineral suyundan insan ölümü ciddi araşdırılmalıdır - EPF

Gündəm Materials 15 Fevral 2024 09:30 (UTC +04:00)
Amuldağ yatağının çirkləndirdiyi “Cermuk” mineral suyundan insan ölümü ciddi araşdırılmalıdır - EPF
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Amuldağ yatağının çirkləndirdiyi “Cermuk” mineral suyundan insan ölümü ciddi araşdırılmalıdır.

"Environmental Protection First" (EPF) Koalisiyasından Trend-ə bildirilib ki, heç bir ekoloji standartlar gözlənilmədən Ermənistanda Amuldağ (Amulsar) yatağının amansız istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.

Bu baxımdan bu günlərdə Rusiyanın Vladiqafqaz şəhər sakininin mağazadan aldığı Ermənistanın “Jermuk Group” şirkətinə məxsus “Cermuk” mineral suyunu içdikdən sonra zəhərlənərək ölməsi ciddi araşdırılmalıdır.

Məlumatlara görə, artıq Şimali Osetiyada “Cermuk” mineral suyunun satışı dayandırılıb. Bu, ilk hadisə deyil. Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi (FDA) Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyən etmişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkəsində də qadağan edilmişdi. Arsen oksidi tozu əsasən mədən sənayesinin aparıldığı ərazilərdə ekoloji normalar gözlənilmədikdə içməli su mənbələrinə qarışır.

"Environmental Protection First" (EPF) Koalisiyası bir daha Ermənistan rəhbərliyindən tələb edir ki, Amuldağ (Amulsar) yatağındakı mədən işləri dərhal dayandırılsın və müstəqil ekspertlərin, Azərbaycanın və digər xarici ölkələrin ekoloqlarının bu müəssisədə monitorinq aparmasına şərait yaradılsın.

Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, Göyçə (Sevan) gölünün ekosisteminə də öldürücü təsir göstərir.

Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir.

Xəbər lenti

Xəbər lenti