...

"Uzbekneftegaz" "Şahdəniz" layihəsinə qoşula bilər

Energetika Materials 21 May 2024 14:51 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Quba. Trend:

Özbəkistanın "Uzbekneftegaz" şirkəti Xəzər dənizinin Azərbaycan şelfində "Şahdəniz" qaz-kondensat layihəsinə daxil ola bilər.

Trend xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

"Biz SOCAR şirkətini dəvət edirik və onunla Özbəkistanda neft və qaz hasilatı layihələrində iştirakla bağlı danışırıq. Eyni qaydada, "Uzbekneftegaz" şirkətinin Azərbaycanda qaz hasilatı layihələrinə qoşulması məsələsi hazırda müzakirə olunur və yekun mərhələdədir. Bəli, Azərbaycanın "Şahdəniz" layihəsi nəzərdə tutulur. Pay iştirakı danışıqlar mövzusudur", - o deyib.

Nazir "Uzbekneftegaz" "Şahdəniz" layihəsinə qoşulmasına dair sənədlərin yaxın aylarda imzalanacağına ümid etdiyini bildirib.

"Bu layihədə iştirakımız əcnəbi konsultantın iştirakı ilə ciddi maliyyə və hüquqi ekspertiza tələb edir. Bu perspektivlərə ciddi yanaşırıq", - o deyib.

Qeyd edək ki, "Şahdəniz" layihəsi 1996-cı ildən həyata keçirilir. 2013-cü ildə "Şahdəniz" yatağının işlənməsi haqqında sazişin müddəti 2046-cı ilə qədər uzadılıb.

"Şahdəniz"in ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir, hələlik bu ehtiyatın təqribən 20 faizi hasil olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti