Bakı. Trend:
Orta Dəhlizin bütün üzv dövlətləri arasında koordinasiya və əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir
Bu barədə Trend-ə "Maersk" şirkətinin Mərkəzi Asiya və Qafqaz regionunda biznesin inkişafı üzrə meneceri İrakli Daneliya deyib.
"Orta Dəhliz vasitəsilə nəqliyyatın dəqiq koordinasiyasına imkan yaradan istənilən təşəbbüsü alqışlayırıq. Bu, inzibati və sənədləşmə proseslərini sadələşdirməyə kömək etməklə hər bir ölkədə sərhəd və gömrük məntəqələrində yük tranzitində potensial gecikmələri azaldacaq. O, multimodal dəhliz olaraq mahiyyətcə mürəkkəbdir. Bu səbəbdən proseslərin istənilən əlavə sadələşdirilməsi onun inkişafına imkan yaradacaq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu inzibati prosedurların sadələşdirilməsi həlledici əhəmiyyət kəsb edir.
"Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində aktiv şəkildə çalışır. Lakin bu ölkələrin heç biri problemləri təkbaşına həll edə bilməz. Orta Dəhlizə bir neçə ölkə daxildir ki, bu da hamının xeyrinə nəzərəçarpan nəticələr əldə etmək üçün koordinasiyanı həyati əhəmiyyətli edir", - deyə o bildirib.
"Maersk" nümayəndəsi bildirib ki, Orta Dəhliz Qərb-Şərq və əks istiqamətdə logistika sistemində davamlı mövqe təmin etməklə regionlar arasında maneəsiz ticarətə imkan yaradacaq.
"Biz qlobal logistika şirkəti olaraq bütün dünyada rəqəmsallaşmanı dəstəkləməyə çalışırıq. Son iki il ərzində müxtəlif regionlardakı platformalarımızda rəqəmsal həlləri aktiv şəkildə tətbiq etmişik. Hazırda əsas diqqətimizi kompleks həllərin işlənib hazırlanması üzərində cəmləmişik, bu isə o deməkdir ki, yüklərin məhsulun mənşəyindən, misal üçün, fabrik və ya fermadan son təyinat məntəqəsinə - Qazaxıstana və ya istənilən digər Mərkəzi Asiya ölkəsinə çatdırılmasını həyata keçirəcəyik. Biz "Maersk" şirkəti olaraq müstəsna olaraq konteyner yüklərinin çatdırılması üzrə ixtisaslaşırıq. Bu səbəbdən artıq qablaşdırılmış yüklərin işlənilməsi üçün yerli səviyyədə yük sahibləri, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq edirik. Bundan başqa, konteynerləşdirmənin üstünlüklərini vurğulayaraq regiondakı ixracçıları səpələnən yüklərinin konteynerləşdirilməsi və emalına fəal şəkildə təşviq edirik", - deyə o sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)