Bakı. Trend:
ABŞ qarşıdan gələn prezident seçkilərində İran xalqının fundamental azadlıqlarından istifadə etmək hüququnu dəstəkləyəcək.
Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
“İran yeni prezident seçəcək və onlar bu prosesdən keçərkən biz İran xalqının öz fundamental azadlıqlarından istifadə etmək hüququnu dəstəkləyəcəyik. Biz bu azadlıqların pozulduğunu görürük və bu, təkcə səsvermə azadlığına deyil, həm də söz azadlığına və digər fundamental azadlıqlara aiddir. Lazım gələrsə, bu əməllərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün tədbir görməkdən çəkinməyəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.
İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran prezidenti və onu müşayiət edən şəxslərin ölümü ilə əlaqədar verdiyi başsağlığı müraciətində bildirib ki, gələn 50 gün ərzində İranda yeni prezident seçilməlidir.
Onun sözlərinə görə, İran konstitusiyasının 131-ci maddəsinə əsasən, İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber prezidentin vəzifəsini icra edəcək.
İranın Ali Lideri qeyd edib ki, 1-ci vitse-prezident, məhkəmə sisteminin sədri və parlament sədri yeni prezident seçkilərinin keçirilməsi üçün addımlar atmalıdır.