...

Vətəndaşlarının təhlükəsizliyinin müdafiəsində Azərbaycanın qətiyyətli mövqeyi – ŞƏRH

Gündəm Materials 6 Yanvar 2025 18:10 (UTC +04:00)
Vətəndaşlarının təhlükəsizliyinin müdafiəsində Azərbaycanın qətiyyətli mövqeyi – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündəki nitqində hər bir vətəndaşın Azərbaycan üçün qiymətli olduğunu dilə gətirərək, dövlətin daima öz vətəndaşlarının arxasında olduğunu bildirdi. Bu hər bir vətəndaşın öz dövlətinə güvənməsi baxımından mühüm mesaj və Azərbaycan dövlətinin öz vətəndaşının qəhrəmanlığına verdiyi qiymətin göstəricisi idi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, qəzadan sonra əldə olunan ilkin məlumatlar ondan ibarətdir ki, təyyarə vurulub:

“Bu, Rusiya Federasiyası nümayəndələrinin məsuliyyətsizliyi üzündən baş verib. Ona görə də hadisə ilə bağlı bütün məsuliyyət onların üzərinə düşür. Prezident İlham Əliyev bir daha bunu vurğulayaraq, konkret olaraq bu qəzanın törədilməsinə görə kimlərinsə mütləq cavab verməli olduğu qətiyyətini nümayiş etdirib. Bu da, əlbəttə ki, həlak olan vətəndaşlarımıza bir ehtiram və Azərbaycan dövlətinin tam gücü ilə öz vətəndaşına sahib çıxmasının göstəricisidir.

Hadisədən dərhal sonra Rusiya Federasiyasının bəzi subyektləri hadisəni manipulyasiya etdilər. Yanlış informasiyalarla hadisənin obyektiv tədqiq olunmasının qarşısını almağa çalışdılar. Prezident İlham Əliyev qeyd etdi ki, ona görə biz hadisənin Dövlətlərarası Aviasiya Komitəsində araşdırılmasından imtina etdik.

Çünki onun obyektivliyinə inanmırdıq. Bu da Azərbaycan dövlətinin qətiyyətidir. Əgər bizim vətəndaşımıza qarşı hər hansı cinayət kiminsə məsuliyyətsizliyi və yaxud digər səbəbdən baş veribsə, mütləq bu məsələ aydınlaşdırılmalıdır. İnsanların ölümünə səbəb olan cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar. Ona görə Prezident İlham Əliyev dedi ki, “qara qutu”lar məhz Braziliyaya göndərildi”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti öz prinsipial mövqeyindən əl çəkməyəcək:

“Araşdırmalar sona çatdıqdan, “qara qutu”lar tam oxunduqdan sonra mütləq bu məsələyə yenidən qiymət veriləcək. Təyyarənin təhlükəsizliyinin Rusiya aviaməkanında nəyə görə təmin olunmadığının səbəbləri aydınlaşdırılacaq və buna yenidən qiymət veriləcək.

Prezident İlham Əliyevin bu görüşü, ilk növbədə, Azərbaycan vətəndaşları üçün onların dövlət tərəfindən qiymətləndirilməsi baxımından çox vacib idi. İkinci məsələ isə, Prezident İlham Əliyev qəzanın nə üçün baş verdiyi məsələsində öz prinsipial mövqeyini bir daha qeyd etdi. Həm dünya mətbuatının Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin qəhrəmanlığından yazdığını qeyd etdi, həm də bu məsələnin dünya mediasının diqqət mərkəzində olduğuna toxundu.

Prezident İlham Əliyev mesaj verməyə çalışırdı ki, heç bir halda heç bir kəs baş vermiş hadisəni ört-basdır etməyə cəhd göstərməsin. Azərbaycan dövləti vətəndaşlarının hüquqlarının qorunması və onlara qarşı cinayət törədənlərin cəzalandırılması məsələsində öz prinsipial mövqeyindən əl çəkməyəcək”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzadan sonra bir sıra addımların atıldığını dilə gətirib:

“Prezident İlham Əliyev səfərini yarımçıq qoyaraq Azərbaycana qayıtdı, təyyarədə göstərişlər verdi, hava limanında müşavirə keçirdi. Bir çox addımlar atıldı. Pilotlarımız təltif edildilər. Biz bir daha Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını necə yüksək səviyyədə müdafiə etdiyinin şahidi olduq, ölkə rəhbərinin qətiyyətini gördük”.

Deputat bildirib ki, bugünkü qəbulda Prezident İlham Əliyev çox vacib, önəmli, olduqca həssas məsələlərə toxunub:

“Azərbaycan yenə də öz prinsipial mövqeyini ortaya qoyur. Azərbaycan bir daha ciddi şəkildə tələb edir ki, bu cinayəti törədənlər cəzalandırılmalıdır. Azərbaycan qətiyyətli dövlət kimi bu məsələdə də mövqeyini irəli sürür. Cinayətkarlar mütləq şəkildə cəzalandırılmalı, bu məsələyə görə hesabat verməlidirlər”.

Ceyhun Məmmədov Rusiya tərəfinə irəli sürülən tələblərdən də danışıb:

“Təəssüflə qeyd etmək lazımdır ki, bu bizə qarşı açıq-aydın törədilmiş cinayət hadisəsidir. Biz heç bir halda bu məsələ ilə barışa və geri çəkilə bilmərik. Burada başqa bir yanaşma, mövqedən söhbət gedə bilməz.

Azərbaycan öz mövqeyini sonadək müdafiə edir və gələcəkdə də edəcək. Rusiya tərəfi mütləq cinayətkarları cəzalandırmalı, onlarla bağlı addımlar atmalıdır. Biz bunu Rusiya tərəfindən gözləyirik. Bu, Azərbaycanın haqqı, hüququdur. Azərbaycanın belə bir tələb irəli sürməsi də təbiidir. Rusiya Azərbaycanın mövqeyini nəzərə almalıdır”.

Xəbər lenti

Xəbər lenti