Bakı. Trend:
Azərbaycan, Türkiyə və Gürcüstanın nümunəvi əməkdaşlığı digər region ölkələri üçün də model ola bilər.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransından sonra deyib.
"Xəzərin enerji ehtiyatının dünya və Avropa bazarlarına nəqli, Qara dənizdəki əməkdaşlığımız - bunların hamısı son dərəcə mühüm strateji sahələrdir. Daha çox əməkdaşlığa imkan verəcək böyük potensial var”, - deyə nazir bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın iradəsi ilə bu potensialı daha çox reallaşdırmaq mümkün olacaq:
“Ümid edirəm ki, nümunəvi əməkdaşlığımız digər region ölkələri üçün də model ola bilər və onlar da bizə qoşular”.
Türkiyə ilə Gürcüstan arasında davam edən mühüm layihələrdən danışan Hakan Fidan Türkiyə, Azərbaycan və Gürcüstanın strateji əlaqələr çərçivəsində mühüm layihələr həyata keçirdiyini xatırladıb.
Hazırda enerji və nəqliyyat sahələrində üç ölkənin töhfələri ilə həyata keçirilən aktiv layihələrin olduğunu bildirən Fidan bunların regionda rifahın artırılması, sülhün bərqərar və qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.