Bakı. Trend:
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, icra edilən əməliyyatlar zamanı 59.9 ha ərazi təmizlənib, 857 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 38 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edilmiş ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.
Xatırladaq ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.