Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə peşə liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Trend xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Samir Məcidov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.
Qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.
Erkən nikahların fəsadları barədə də çıxış edən polis əməkdaşları, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Görüşün sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.