...

Avropa İttifaqının regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir – Deputat

Gündəm Materials 1 Aprel 2025 11:20 (UTC +04:00)
Avropa İttifaqının regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla həmsərhəd ərazilərdə “binokl diplomatiyasını” davam etdirir. Növbəti dəfə belə addımlar cari ilin fevral ayının 13-də Qubadlı və martın 28-də Qubadlı və Laçın rayonlarının Ermənistanla həmsərhəd zonalarında baş verib. De fakto ölkəmizə qarşı belə bir təxribat vasitəsi, şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib", - deputat qeyd edib.

O bildirib ki, Azərbaycan iqtisadi, siyası və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti olaraq, beynəlxalq miqyasda ciddi söz sahibidir və bütün məsələlərin ikitərəfli müstəvidə, birbaşa müzakirə edilərək, həll olunmasına üstünlük verir.

“Digər tərəfdən, otuz illik müddət nümayiş etdirdi ki, tarixə qovuşan silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər və xüsusilə ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə etməyib. Maraq doğuran cəhət, həmçinin, ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir və bunu həmin birliyin Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası təmsilçilərinin apardıqları danışıqlara ümumiyyətlə iştirak etməməsi açıq-aşkar nümayiş etdirdi. ABŞ administrasiyası qeyd etdiyim məsələdə Avropanın İttifaqının aparıcı dövlətlərinin beynəlxalq hüquqi subyektliyini şübhə altına alıb.

Almaniyanın ən böyük silah istehsalçısı “Reynmetall” konserninin rəhbəri Armin Papperqer nüfuzlu “Financial Times” qazetinə müsahibəsində qeyd edib ki, ABŞ ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa “uşaq masası” arxasında qalıb və heç bir avropalı bu danışıqlara cəlb edilməyib. Bu məqamda sual olunur ki, Ermənistan “uşaq masası” arxasında əyləşdirilən Avropanın İttifaqının üzv-dövlətlərinin “müşahidə missiyasından” nəyi gözləyir?

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması təmin edilə bilər”, - deyə N.Səfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti