...

Görkəmli memar-alim Fikrət Hüseynova həsr olunan elmi-praktiki konfrans keçirilib (FOTO)

Gündəm Materials 18 Aprel 2025 15:23 (UTC +04:00)
Görkəmli memar-alim Fikrət Hüseynova həsr olunan elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Görkəmli memar-alim professor Fikrət Hüseynovun xatirəsinə həsr olunan elmi-praktiki konfrans keçirilib. Konfrans Memarlıq fakültəsinin təşkilatçılığı, Memarlar İttifaqının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadənin moderatorluğu ilə baş tutub. Konfransda iştirakçılar Fikrət Hüseynovun memarlıq və şəhərsalma sahəsindəki böyük töhfələrini müzakirə ediblər.

AzMİU-nun rektoru, memarlıq doktoru professor Gülçöhrə Məmmədova açılış nitqi ilə çıxış edərək Fikrət Hüseynovun həm peşəkar memar, həm də dəyərli alim kimi Azərbaycan memarlıq təhsilinin inkişafına verdiyi töhfələri qeyd edib. Rektor Fikrət Hüseynovun memarlıq təhsilində apardığı islahatlar və reformalardakı rolunu vurğulayıb. Professor Gülçöhrə Məmmədova, həmçinin onun aristokrat, xoşniyyətli və nəcib xarakterinə toxunaraq, yaratdığı memarlıq məktəbinin və şəhərsalma sahəsindəki böyük layihələrinin əhəmiyyətinə diqqət çəkib.

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının dosenti Nərmin Yusifli Fikrət Hüseynovun bioqrafik məlumatlarını təqdim edib, alimin peşəkar və elmi fəaliyyətlərini xatırladıb.

AMEA-nın Sənətşünaslıq və Memarlıq İnstitutunun direktoru professor Ertəkin Salamzadə görkəmli alimin institutdakı fəaliyyətlərini və elmi iclaslardakı çıxışlarını xatırladıb. Professor Fikrət Hüseynovun elmə və təhsilə verdiyi töhfələri yüksək qiymətləndirib.

Memarlığın əsasları kafedrasının müdiri, Fikrət Hüseynovun yaxın dostu və uzun illər onunla birgə çalışan həmkarı Nizami Nağıyev tələbəlik xatirələrindən və birgə həyata keçirdikləri layihələrdən söz açıb.

Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva alimin müəllimlik fəaliyyətindən və onun yetişdirdiyi mütəxəssislərdən danışıb. Kafedra müdiri, eyni zamanda özünün də elm sahəsində Fikrət Hüseynovun elmi rəhbərliyi ilə inkişaf etdiyini vurğulayıb.

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi Yegana Kərimli və kafedranın dosenti Xəlil Cəfərov alimin kafedraya rəhbərlik etdiyi illəri və onun müəllimlərə olan qayğısından söhbət açıblar. Onlar Fikrət Hüseynovun tədris prosesindəki öyrətmə metodlarını və elmi yanaşmalarını xatırlayıblar.

Görkəmli alimin oğlu və davamçısı, ADA Universitetinin kafedra müdiri Emir Hüseynov atasının xatirəsinə olan dərin ehtiramını ifadə edərək AzMİU rəhbərliyinə və kollektivinə bu əlamətdar konfransı təşkil etdikləri üçün təşəkkür edib.

Konfransın sonunda Fikrət Hüseynovun həyatını və fəaliyyətini əks etdirən təqdimat roliki nümayiş olunub.

Konfrans Fikrət Hüseynovun memarlıq və şəhərsalma sahəsindəki böyük irsini yad etmək və onun müəllimlik və elmi fəaliyyətlərini gələcək nəsillərə tanıtmaq məqsədini daşıyıb.

Qeyd edək ki, professor Fikrət Hüseynov 39 yaşında keçmiş SSRİ-də Memarlıq və şəhərsalma sahəsində ən gənc elmlər doktoru olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarixində ilk dəfə olaraq “Memarlıq və şəhərsalmanın regional problemləri” laboratoriyasını açıb və bu laboratoriyada onun rəhbərliyi altında mütəxəssislərin güclü elmi potensialı formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti