Bakı. Trend:
9-11 may tarixlərində Naxçıvan şəhərində yerləşən “Saat Meydanı”nda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “BookFest Naxçıvan Kitab Sərgisi 2025” başa çatıb.
Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Şəhər İcra Hakimiyyətinin, həmçinin Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə keçirilən “BookFest Naxçıvan Kitab Sərgisi 2025”-in rəsmi açılış mərasimi may ayının 9-da olub və tədbir 3 gün davam edib.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Birliyin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) rəhbəri Şəmil Sadıq, dövlət və hökumət nümayəndələri, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.
May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “BookFest Naxçıvan Kitab Sərgisi 2025” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən "Saat Meydanı"nda Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsertin sonunda isə möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Tədbir çərçivəsində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunub. Seminar və panel müzakirələri aparılıb, maraqlı fləşmob, videoçarxlar və tamaşalar təqdim olunub.
Seminar və panel müzakirələrdə, imza saatlarında, həmçinin kitab təqdimatlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qafar Qərib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orcəliyev, yazıçılar Rövşən Abdullaoğlu, İradə Qədirova, Elxan Elatlı, Aqşin Yenisey, Rüstəm Behrudi, Rəşad İbrahimov və gənc yazarlar iştirak edib.
Tədbirin sonuncu günündə sevilən və tanınmış yazıçılardan Orxan Şahbaz və Ülviyyə Tahirin seminarları, həmçinin Zaur Bayramoğlunun və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin yazarlarının da oxucuları ilə görüşü keçirilib.
Qeyd edək ki, tədbirdə 30-a yaxın nəşriyyat iştirak edib, həmçinin ziyarətçilərə 30 mindən çox kitab təqdim olunub. Könüllülərində fəal iştirakı ilə keçirilən “BookFest Naxçıvan Kitab Sərgisi 2025” xoş xatirələrlə yaddaşlarda qalıb.