...

“Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Gündəm Materials 1 Oktyabr 2025 15:04 (UTC +04:00)
“Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Azərbaycanın Dayanıqlı Tikili Mühit Planı” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, dəyirmi masada binalar və tikinti sektorunun ümumi istixana qazı emissiyalarının 21%-nə cavabdeh olduğu, həmçinin binalar 2030-cu ilə qədər enerji intensivliyinin yaxşılaşdırılma sürətini ikiqat artırmaq üçün lazım olan həllərin 40%-ni təmin etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanda isə təkcə bina sektoru 2022-ci ildə yanacaq yanmasından yaranan CO₂ emissiyalarının 16%-nə (16 milyon ton CO₂) cavabdeh olub. Binalar bizi artan temperaturdan, güclənən fırtınalardan və qalxan sel sularından qoruyur.

Müzakirələr zamanı qeyd edilib ki, tikinti mühitinin vətəndaşlara fayda potensialı heç vaxt kiçik hesab edilməməlidir.

Bildirilib ki, COP29-a hazırlıq ərəfəsində Azərbaycanın aparıcı tikinti şirkətləri BMT Qlobal Razılaşması ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Dayanıqlı Tikinti Mühiti Yol Xəritəsi”ni hazırlamaqla, 1,5 °C hədəfi ilə emissiyaların məhdudlaşdırılmasına töhfə verəcəklərinə dair öhdəlik sənədini imzalayıblar.

Dəyirmi masada məlumat verilib ki, “Azərbaycan Dayanıqlı Tikinti Mühiti Yol Xəritəsi”nin BMT Qlobal Razılaşması – Azərbaycan ofisinə, Böyük Britaniya Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində təhvil verilməsini təmin edəcək.

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov qeyd edib ki, tikinti sektorunda “Net Zero Accelerator” proqramının işə salınmasını, işçi qüvvəsinin bacarıqlarının artırılması və detallı təhlil etməlidir. O vurğulayıb ki, burada həm imkanlara, həm də mövcud çətinliklərə baxmaq lazımdır.

"HLCCT" şirkətinin tikinti mühiti üzrə baş məsləhətçisi Alidə Saleh məlumat verib ki, 2022-ci ildə Azərbaycanda binalar 16 milyon ton karbon dioksid emissiyası yaradıb ki, bu da yanacaq yandırılmasından yaranan milli emissiyaların 16 faizini təşkil edir:

"Qlobal miqyasda binalar 2030-cu ilə qədər enerji səmərəliliyini ikiqat artırmaq üçün lazım olan həllərin 40 faizini təmin edə bilər. Bu isə birbaşa biznes imkanlarına çevrilir. Məsələ təkcə emissiyalarda deyil. Biz binaları dəyişəndə, həyatı dəyişirik – yeni iş yerləri yaradırıq, sağlamlığı yaxşılaşdırırıq, əməliyyat xərclərini azaldırıq və icmalarımızın dayanıqlığını gücləndiririk".

Tikinti şirkətlərindən birinin rəhbəri Henninq Sasse bildirib ki, alternativ yanacaqların istifadəsi lazımi səviyyədə inkişaf etməlidir: "Tikinti şirkətləri ilə daha sement-effektiv, daha beton-effektiv konstruksiyaların yaradılması üzərində işlənilməlidir".

Tikinti şirkətlərindən birinin nümayəndəsi Əli Hüseynov bildirib ki, karbon tutma ("carbon capture") məsələsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, karbon tutma prosesini sabah həyata keçirmək mümkün deyil, çünki xüsusilə sement sənayesində, bu sahədə kifayət qədər təcrübə yoxdur: "Ona görə də yaxşı nümunələrə, pilot zavodlara baxmalıyıq. Hazırda bu sektorda baş verənləri yaxından izləyirik. Yaxşı nəticələr əldə olunandan sonra tətbiqinə başlamaq vacib olacaq".

O vrğulayıb ki, burada dövlət dəstəyinin əhəmiyyəti böyükdür: "Çünki bəzi layihələr hazırda iqtisadi cəhətdən sərfəli deyil, amma onları başlamaq və mexanizmi işə salmaq lazımdır. Bəzi layihələr iqtisadi cəhətdən fayda gətirmir. Bu halda Avropa ölkələrinin təcrübəsindən yararlanaraq, dövlət müəyyən qədər subsidiyalaşdıra bilər. Sonrakı mərhələlərdə isə bu subsidiyalar aradan qaldırıla bilər".

Alternativ yanacaqlardan istifadəyə gəldikdə isə şirkət rəsmisi bildirib ki, burada da imkanlar mövcuddur: "Lakin bu istiqamətdə də dövlət dəstəyinə ehtiyac var. Bildiyiniz kimi, bizim CO₂ emissiyalarımızın təxminən 15%-i yanacaqdan qaynaqlanır. Bu isə kiçik bir pay deyil və inkişaf potensialı yüksəkdir. Hazırda bu sahə tam əhatə olunmayıb, amma inkişafı mümkündür".

Xəbər lenti

Xəbər lenti