Bakı. Trend:
ABŞ-nin Orlando şəhərində keçirilən təntənəli mərasimdə azərbaycanlı alim Nazim Muradov Florida Elm, Mühəndislik və Tibb Akademiyasına (Academy of Science, Engineering and Medicine of Florida - ASEMFL) üzv seçilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu nüfuzlu ada layiq görülməsi onun uzun illər elmin, xüsusilə də təmiz enerji sahəsinin inkişafına verdiyi əvəzsiz töhfələrin yüksək qiymətləndirilməsinin daha bir sübutudur.
Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və Günəş Enerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı Nazim Muradov ABŞ Milli İxtiraçılar Akademiyasının ilk azərbaycanlı üzvüdür. Alimin bu uğurları yüzlərlə elmi nəşrə və 50-dən çox ABŞ patentində öz əksini tapan innovativ tədqiqatlara əsaslanır. Nazim Muradovun ixtiralarının əksəriyyəti təcrübədə geniş tətbiq olunur. NASA-dan olan həmkarları ilə birgə hazırladığı yeni hidrogen sensoru texnologiyası ABŞ-nin kosmik proqramlarında uğurla istifadə edilir. Bu kəşfi NASA ilin ən yaxşı kommersiya texnologiyası kimi qiymətləndirib və nüfuzlu beynəlxalq “R&D100” mükafatına layiq görüb. Bu mükafat il ərzində 100 ən yaxşı texnoloji kəşfə görə verilir və “İxtiraçıların Oskarı” adlanır.
Qeyd edək ki, dünyanın məşhur elmi analitika platforması olan ScholarGP-nin 2024-cü il üzrə “Yüksək Reytinqli Alimlər” siyahısının ilk sıralarında yer alan Nazim Muradov 2023-cü ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib. Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı olub.
